BAMF post-Sovet ölkələri üzrə miqrasiya məsələlərinin tədqiqinə rəhbərlik edəcək Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) xüsusi çağırılmış iclasında keçmiş sovet ölkələrində miqrasiya məsələlərinin tədqiqatına rəhbərlik edəcək iki təşkilatdan biri seçilib.
BAMF-dan Qaziler.az-a bildiriblər ki, budəfəki toplantının məqsədi siyasətçilərin, vətəndaş cəmiyyəti təşkilatlarının, Avropa İttifaqı ölkələrinin üzləşdiyi hüquqi problemləri daha yaxşı anlamaq üçün “baxış” sənədinin işlənib hazırlanmasına nail olmaq idi. Toplantıda miqrasiya problemlərinin müxtəlif aspektləri, o cümlədən Avropada təhlükəsizlik üçün hüquqi təminata nail olmaq, Avropa İttifaqında, regionda təhlükəsizlik problemlərinə dair məsələlərin həllinə başlamaq üçün üç işçi qrupu yaradılıb.BAMF, həmçinin Rusiyanın qeyri-hökumət təşkilatı olan “Memorial International” ilə birlikdə Qafqaz, Mərkəzi Asiya, Ukrayna və Rusiya üzrə tədqiqata, regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına rəhbərlik etmək üçün seçilib. Təşkilat bu regional nəşrdə müdafiə hüquqları, potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskunlaşmanın həlli yolları ilə bağlı Avropa İttifaqı xaricində olan ölkələrə təsir edən məlumatları toplayacaq və problemləri təhlil edəcək.
BAMF artıq bir neçə ildir ki, ECRE-nin üzvüdür. Təşkilat əsasən Azərbaycanla bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərə dair ECRE-yə müntəzəm olaraq məlumat verir. Bu funksiyanı səmərəli şəkildə yerinə yetirmək üçün BAMF daim qaçqın və sığınacaq axtaranların problemləri ilə məşğul olan IOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif qurumlarla əlaqələr saxlayır.