Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələr səmərəli şəkildə davam etdirilir. Avropa İttifaqı öz qonşuluq siyasətini yeniləyir. Bu siyasət hazırda getdikcə formalaşır. Bunun bağlı Azərbaycan və digər ölkələrdən təkliflər alınır. Bu siyasət artıq fərqli xüsusiyyət almaqdadır.
QAZİLER.AZ Trend -ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq Sektorunun rəhbəri Jeroen Villems bu gün Bakıda “Dövlət idarəçiliyi islahatları müddətində potensial quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Aİ rəsmisinin sözlərinə görə, hazırda bu siyasətdə yanaşmanın tətbiqi, ölkələrin qarşılıqlı maraqlarına xidmət edən sahələrin olması, sahiblik və s. məsələlərə diqqət artırılıb.
J.Villemsin fikrincə, Azərbaycanla münasibətlərə fərqli yanaşma əlaqələrin inkişafına təsir göstərəcək: "Keçən il biz Azərbaycanla viza və readmissiya üzrə saziş imzalamışıq. Hazırda strateji tərəfdaşlıq barədə sazişə dair təklifləri nəzərdən keçiririk".
O bildirib ki, Avropa İttifaqı Azərbaycanla gələcəkdə əməkdaşlıq və sazişlərə, qurumların potensialının artırılmasına diqqət ayırır. Dövlət qulluğunda daxili insan resurslarının genişləndirilməsi bu məsələnin kökündə duran amillərdəndir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə sıx əməkdaşlıq edildiyini deyən sektor rəhbərinin fikrincə, Komissiya artıq beynəlxalq qurumlarla uğurlu əlaqələr qurub ki, bugünkü tədbir də bunun bariz nümunəsidir.