“Tovuz” qəzetinin əməkdaşları milli mətbuatımızın 140 illik yubileyi ərəfəsində Tovuzun ucqar dağ kəndi olan Çataqda oxucularla görüşüblər.
QAZİLER.AZ saytının AZƏRTAC-a istinadən xəbərinə görə, tədbirdə rayon icra hakimiyyəti başçısının Çataq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldar Abbasov tədbirin məqsəd və məramı barədə məlumat verib. Qeyd edib ki, son illər mətbuata dövlət qayğısı və dəstəyi xeyli gücləndirilib. Bu da öz növbəsində kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, peşəkar jurnalist kadrlarının yetişdirilməsinə imkan verir.Bildirilib ki, uzun illər rayonun canlı salnaməçisinə çevrilən “Tovuz” qəzetinin Tovuzun ictimai-siyasi, mədəni, iqtisadi həyatındakı rolu böyükdür.
Sonra qəzetin baş redaktoru Çingiz Qəribli qəzetin keçdiyi yoldan danışaraq məlumat verib ki, tovuzluların daim yanında olan “Tovuz” bu yaxınlarda 85 yaşını qeyd edib. Uzun illər ərzində bir çox sınaqlardan keçmiş qəzet şərəfli bir ömür yaşayıb.
Rusiya Federasiyası Saxalin vilayət Azərbaycan konqresinin sədr müavini Füzuli Tağıyev çıxış edərək deyib ki, qürbətdə - Saxalin vilayətində çoxsaylı tovuzlu yaşayır. Biz tovuzlular doğma rayonumuz haqqında məlumatları internet vasitəsilə “Tovuz” qəzetindən alırıq. Qəzetdə “Xaricdə yaşayan soydaşlarımız” rubrikası altında verilən yazılar xaricdə həmişə maraqla qarşılanır.
Görüşdə oxucular da mətbuatla bağlı fikirlərini bildirib, “Tovuz” qəzetinin rayonun həyatındakı rolundan danışıblar.