DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan QAZİLER.AZ-a verilən məlumata görə,“Açıq qapı” formatında təşkil olunan qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və onları narahat edən problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verilib
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev iyulun 8-də Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fond sədrinin qəbulunda iştirak edən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər. Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Fondun məsul əməkdaşlarının, o cümlədən Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dan çox vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə Fondun sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
Qəbulda iştirak edən sakinlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq yerlərdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını bildirərək, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.