“Qarabağ qaziləri” ictimai birliyi bu gün prezidentin şəhid ailələri və yaralılar üçün yaratdığı “YAŞAT” fonduyla bağlı açıqlama yayıb.
Açıqlamada qazilər birliyinin sədri Asəf Əliyev prezidentin fərmanını çox yüksək qiymətləndirdiklərini bildirib: “Əslində bu gözlənilən idi. Ölkə başçısı İlham Əliyev şəhid ailələrinə, Qarabağ qazilərinə, ümumiyyətlə müharibədə iştirak edən şəxslərə daim diqqət və qayğı ilə yanaşıb. Həmişə onların problemlərini diqqət mərkəzində saxlayıb.Əvvəllər Sosial Müdafiə fondu var idi. Təəssüflər olsun ki, məlum olmayan səbəblərdən dolayı ləğv edildi. Ümid edirik ki, yeni yaradılan bu fond müharibə insanlarının problemlərinin həllində böyük rol oynayacaq. Fondun yaradılması təqdirəlayiqdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə qazilərimiz adından təşəkkür edir, minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.
QAZİLƏR.AZ