Azərbaycanda iş saatları azaldıla bilərmi?

Azərbaycanda iş saatları azaldıla bilərmi? backend

Bu gün Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olanlar üçün iş saatlarının azaldılmasına ehtiyac yoxdur. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Komitə sədrinin müavini bildirib ki, Azərbaycanın da qoşulduğu Avropa Sosial Xartiyasına görə, işçi üçün məzuniyyət müddəti ildə 4 həftədən az ola bilməz: “Azərbaycanda artıq buna əməl olunur. İl ərzindəki məzuniyyət və istirahət günlərini götürsək, onda işçilər kifayət qədər çox, hətta bir sıra Avropa ölkələrindən də çox dincəlirlər. Stajla, işin xarakteri, ailədə uşaqların sayı ilə bağlı olaraq məzuniyyət müddəti daha da artır. Üstəlik, bayramlar da əlavə edildikdə, bizim insanlar bir ildə 2 ay və daha çox müddətə istirahət edirlər”.

M.Quliyev deyib ki, Azərbaycanda orta məzuniyyət müddəti 35 gündən aşağı deyil.

Onun sözlərinə görə, ölkədəki əksər iş yerləri 5 günlük iş həftəsi ilə çalışır.

Deputat bütün bunları nəzərə alaraq hesab edir ki, Azərbaycanda iş rejimi işçilər üçün o qədər də gərgin deyil: “Amma bizdə vacib olan məsələ var ki, özəl şirkətlər heç bir müqavilədə nəzərdə tutulmayan, qanunvericilikdə nəzərdə tutulmayan müddətdə işçilərini işlədirlər. Xüsusən də bəzi tikinti şirkətləri işçilərinə istirahət günü vermədən onları demək olar ki, hər gün işlədirlər. Bu kimi pozuntu halları var. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox ciddi mübarizə aparmalıdır”.

M.Quliyevin sözlərinə görə, işsizliyin çox olduğu ölkələrdə iş yerlərinin tam deyil, yarım stavka olması təcrübəsi var. Bunun da sayəsində bir iş yerində iki nəfər işləyə bilir. Ancaq Azərbaycanda əhali arasında işsizlik səviyyəsi cəmi 5-6 faizdir, iş yerlərinin sayı isə kifayət qədərdir. Buna görə də həmin təcrübənin ölkədə tətbiq olunmasına ehtiyac yoxdur.

Qeyd edək ki, bəzi Avropa ölkələri iş saatının azaldılması istiqamətində iş aparırlar.
Diaspora