İftar süfrəsi necə olmalıdır? -REPORTAJ

İftar süfrəsi necə olmalıdır?  -REPORTAJ backend

Ramazan ayının gəlişi ilə oruc tutan insanların qida rasionunda bir sıra dəyişikliklər olur, hər kəs daha yüngül qidalara üstünlük verir. Çünki yüngül, lakin vitaminli qidalar gün ərzində orqanizmin tələbatını ödəmiş olur. Bəzi insanlar iftar zamanı evlərində deyil, restoranlarda yeməyə üstünlük verirlər. Bir sıra restoranlarda isə artıq iftar menyuları təşkil olunur.

Təbi ki, hər kəs iftarını restoranda açmır. Çünki gündəlik müəyyən bir məbləğ ödəməklə restoranda iftar etmək orta statistik Azərbaycan ailəsi üçün kifayət qədər böyük rəqəmdir. Amma ara-sıra restoranlara üz tutan insanlar da az deyil.

Ramazan ayında iftar etmək üçün restorana gələn hər bir vətəndaşa əvvəlcə su və xurma təklif edilir. Daha sonra iftar menyusuna daxil olan təamlar süfrəyə verilir.

İftar menyusunda olan yemək çeşidləri isə müxtəlifdir. Bura gələn müştəri mərcimək şorbası, çoban salatı, iki ədəd fıstıqlı lahmacun, qarışıq izqara, pendir, zeytun, bir dilim paxlava və bir fincan çay sifariş verə bilər.

Restoran əməkdaşı Tural Mustafayev: "Gün ərzində restoranımıza 20-30 nəfər iftar süfrəsinə gəlir. Menyu stabildir. Ancaq müştəri menyudan əlavə hər hansı bir yeməyi və ya şirniyyatı sifariş etsə, o zaman müştərinin istəyinə uyğun verilir".

Oruc tutan insanlar iftar zamanı sağlamlıqlarına da xüsusi diqqət etməlidir. İlk növbədə onlar sulu yeməklərə üstünlük verməlidirlər. Daha sonra süfrəyə verilən az yağlı yeməklərdən istifadə etməlidirlər.

Yolumuzu saldığımız növbəti restoranda da oruc tutan insanlar üçün xüsusi iftar menyusu tərtib olunub. Hazırda burada qızğın hazırlıq prosesi gedir ki, axşam saatlarında iftar süfrəsi üçün gələn şəxslər rahatlıqla şam edə bilsinlər.

Restoranda təklif olunan iftar menyusu isə digərindən fərqlidir. Aşpaz Əfqan iftar menyusunun özəlliklərindən danışdı: "Bizdə üç çeşiddə xüsusi iftar menyusu var ki, birinci menyuda şorba, salat, spagetti və ya düyü, müxtəlif içəcək, şirələr təklif olunur. İkinci menyuda pizza, şorba, spagetti və ya düyü, salat və içəcəklər verilir. Üçüncü menyuda isə izqara, yunan salatı, spagetti və ya düyü və içəcəklər təklif olunur".

Müştəri sarıdan kasadlıq çəkməyən restoranda gün ərzində daha çox iftar zamanı boş yer tapmaq olmur.

Maraqlıdır, bəs görəsən, paytaxt sakinləri arasında oruc tutan insanlar iftarı evdə, yoxsa restoranda etməyə üstünlük verirlər?

"Evdə ailə üzvlərimlə bir yerdə. Ana evdə nə bişirsə, onunla açırıq.
- Bəs adətən nə ilə açırsınız?
- Su və xurma ilə".

"Biz adətən yaxın qonşumuzla bahəm gah onlarda, gah bizdə edirik iftarı. Evdə xurma ilə açırıq".

Ramazan ayında - iftar süfrəsində nələrin yeyilməsi isə xüsusilə önəmlidir. Ramazan ayında oruc tutan insanların süfrəsində vacib sayılan nemətlərdən biri də xurmanın olmasıdır. Xurmalar bu gün bazarlarda müxtəlif çeşidlərdə satılır. İndi insanlar 2 manat ödəməklə bir qutu xurma alıb istifadə edə bilərlər. Eləcə də İran xurmasını 4-5 manata almaq olar. Ən bahalı xurma isə uzaq Mədinədən gətirilən xurmalardır ki, bunların da kilosu 16 manatadır. Onlar tərkibinin vitaminləri ilə digərlərindən seçilir.

Satıcı:
- Ən çox Tunis xurması alınır. Daha çox qutuda olan xurmalar satılır. Tunis xurmasında şirni az olduğu üçün onu şəkəri olan insanlar alır.
- Qiymət artımı varmı?
- Xeyr, hər il neçə qiymət idisə, bu il də eyni qiymətdir.

Hər halda, istər restoranda, istərsə də evdə iftar süfrəsinin açılmasının bir əhəmiyyəti yoxdur. Əsas əhəmiyyətli olan məsələ dinimizin vacib buyurduğu bu şərtə hər kəsin əməl etməsidir.


Diaspora