Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi

Daha 107 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi backend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm Qələbənin sevincini yaşadığımız bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı sahəsində də mühüm addımlar atılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu gün nazirlik tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

Gəncədə mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başladı və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edildi. Bu zəfər, Azərbaycan əsgər və zabitlərinin şücaətlərlə zəngin uğurlu hərbi əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi və qısa bir vaxtda Qələbəni təmin etməsi dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu. Azərbaycan təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatiya, siyasət sahəsində də qalib ölkə oldu.