AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, iyul ayının əvvəlindən etibarən Tovuz rayonunun neolit abidələrində tədqiqatlar aparan Azərbaycan – Fransa beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyətə başlamışdır.
Qeyd edək ki, əsasən Tovuz rayonundakı eradan əvvəl VI minilliyə aid olan Menteş qədim yaşayış yerini tədqiq edən Azərbaycan və Fransa arxeoloqlarının birgə ekspedisiyası səkkiz il ərzində fəaliyyət göstərmişdir. Fransa tərəfindən ekspedisiyanın həmrəhbəri doktor, professor Bertille Lyonnet və antropologiya, geo- və mikromorfologiya, restavrasiya, trassologiya və d. ixtisaslar üzrə daha 12 fransalı mütəxəssislərdən ibarət ekspedisiyanın cari araşdırma mövsümü isə, tədqiqatların son mərhələsi olacaqdır.Gələn il isə, səkkiz il ərzində aparılan arxeoloji araşdırmaların nəticələrinə həsr olunmuş elmi monoqrafiyanın çap olunması nəzərdə tutulmuşdur. Azərbaycan tərəfindən ekspedisiyanın rəhbəri F.Quliyevin sözlərinə görə, bununla da Azərbaycan və Fransa arxeoloqlarının müştərək araşdırmaları Tovuz bölgəsində yekunlaşacaqdır.
Tovuz arxeoloji ekspedisiya növbəti illərdə bölgədə tədqiqatlarını Göytəpə və Hacıəlləmxanlı kimi neolit dövrü qədim yaşayış yerlərində Tokiyo Universitetinin arxeoloqları ilə birgə davam edəcəkdir.