“Yeni Müsavat” Media Qrupu Vətən müharibəsinin qəhrəmanlarını tanımağa, tanıtmağa davam edir. Bu dəfə 19 yaşlı igidimizdən, qazimizdən danış;l;r.
Musa Hüseynov Vətən müharibəsində canını qoyan, qanını bu vətən uğrunda tökən oğullardandır. Musa hərbi xidməti bir neçə ay sonra başa vuracaqdı. Lakin müharibə başladı, döyüşlərə qatıldı və 19 yaşında bu vətən uğrunda qazi oldu.Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini olan Musa döyüş meydanlarında mina təmizləyib. Minaya düşən zaman bir ayağını itirsə də gülür…
Üzündə təbəssüm, sözlərində qürur var… Musa bir tərəfdən də təəssüflənir. Təəssüflənir ki, Vətən müharibəsində sona qədər iştirak edə bilməyib, hərbi xidmətini başa vurmayıb...
Kiçik ömrünə böyük qələbə sığdıran Musa “Vətən sağ olsun”- deyir.
Söhbətimiz zamanı gözümüz Musanın barmağında olan üzüyə dəyir. Yenə də gülümsəyir və əli ilə gizlədir. Məlum olur ki, Musa qazi olduqdan bir neçə gün sonra sevdiyi qızın “həri"sini alıb. Danışdıqca gözlərinin içi gülür.
Açığı Musa ilə söhbət zamanı onun üzünə baxmaq, ona sual vermək elə də asan deyildi. Çünki qarşında oturan səndən yaşca çox kiçik, amma Vətən üçün böyük işlər görmüş biridir, qəhrəmandır.
Musa, biz bir ömür boyu sənə borcluyuq. Sənin kimilər işğalda olan torpaqlarımızı yenidən bizə yurd edənlərdir.