Hər kəsin bir alın yazısı var; qaça bilməzsən, əl uzadıb silə bilməzsən o yazını...
Yaşayarsan sənə verilən ömrü. Bəlkə nə vaxtsa qəbul edə bilməzsən, barışmazsan taleyinlə. Bəzən xoşbəxt, bəzən bədbəxt hiss edərsən özünü. Necə yaşasan da bir gün bitər ömrün, sona çatar.Beləcə hər kəsə fərqli tale, ömür, bəxt yazılar. Beşikdən məzara gedən ömür...Şərəflisi də olur, şərəfsizi də...
Amma elə ömürlər var ki, onu Allah hər kəsə nəsib etməz. Çünki o şərəfli ömürdür. Vətən yolunda canından keçərək ŞƏHADƏTƏ UCALMAQ... Hamı yaşaya bilərmi o ömrü? Əlbəttə ki yox. Şəhid ömrü qısa olar. Bəlkə 18, bəlkə 20, bəlkə 30 il, bəlkə də daha artıq... Amma o ömür uca olar, ölümə ucadan, yüksəklikdən baxar, gülümsər. Çünki boş yerə yaşanmayıb.
Eltun da belə qısa, amma şərəfli ömür yaşadı. Çox qısa, amma şərəfli: cəmi 19 il...19 qış, 19 bahar. 19 il nədi ki? Bir kəpənək ömrü qədər qısaca. Amma mənasız keçən 100 ildən uzun...
_1606047900.jpg)
19 illik ömrün içində Şəhadətə yüksələrək cənnətə yolçu oldu Eltun.
Dostu Tural Məmmədov:
_1606047960.jpg)
- Çox mehriban, gülərüz, zəhmətkeş uşaq idi. Universitetə qəbul olmaq istəyirdi. Amma valideynləri imkansız olduqlarına görə repetitor yanına gedə bilmədi. Universitetə özü hazırlaşırdı. Həm də işləyib ailəsinə kömək edirdi. İşləyirdi deyə dostları ilə ancaq axşamlar görüşə bilirdi. Andiçmə mərasimində biz dostlar yanına getmişdik, elə sevinirdi ki...İndi ondan bizə ancaq o xatirələr qaldı...(gözləri doldu)
Eltun Elnur oğlu Əliyev 29 avqust 2001-ci ildə Sumqayıtda doğulub. Əsilləri Qərbi Azərbaycandandır. Sumqayıtdakı 24 saylı orta məktəbin məzunudur. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Bu ilin sentyabr ayının 27-də başlanan 44 günlük Böyük Vətən Müharibəsində Eltun da iştirak edib və Ağdərə uğrunda gedən qanlı döyüşlərdə şəhid olub.

Belə çox qısa bir tərcümeyi-halı var şəhidimizin. Qeyri-adi heç nə yoxdu. Doğuldu, orta məktəbi bitirdi və...Vətən yolunda şəhid oldu. Arıq, çəlimsiz uşaq ölkəsi üçün böyük iş görüb cənnətə yollandı.
Beləcə, Azərbaycanın öz torpaqlarını düşməndən xilas etmək üçün apardığı müqəddəs savaşa, yazılan tarixə Eltun da öz ömrü ilə imza atdı. Qazanılan zəfərdə onun da xidməti var: Torpaq uğrunda ölən varsa Vətəndir.
_1606047840.jpg)
Eltun 2019-cu ildə öz İnstağram hesabında, ad günündə çəkdirdiyi şəkilin altına bunları yazıb: Ömürdən günlər gedir, hər dəqiqənin qədrin bilmək lazımdır.
Ömrünün qısa olacağı ürəyinə damıbmışmı görəsən? Ya bəlkə elə-belə yazmışdı bu sözləri. Axı hardan bilərdi cəmi bir il əvvəl paylaşdığı şəklin altına yazdığı o sözlər nə vaxtsa yaxınlarının ürəyinə od salacaq?
_1606047840.jpg)
İllər keçəcək. Qədri bilinən və bilinməyən günlər, ömürlər bir-birini əvəz edəcək və doğulan hər kəs bu dünyanı tərk edəcək. Təkcə Azərbaycan uğrunda canını fəda edən ŞƏHİDLƏR o yaşda qalacaq. Azərbaycan xalqının qədrini bildiyi ŞƏHİDLƏR... Onlar heç vaxt UNUDULMAYACAQ. Eltun kimi...
Arzu Tağıyeva
_1606048020.jpg)








