Dünənə qədər bizimlə bir təşkilatda işləyən fədakar, vətənpərvər, savadlı, heç vaxt unudulmayan və heç vaxt yaddan çıxmayan iş yoldaşımız, dostumuz, qardaşımız Nurlan artıq həyatda, aramızda yoxdur...
Amansız, lakin şərəfli ölüm onu sıralarımızdan aparmışdır. Bu nə qədər inandırıcı olmasada, lakin acı həqiqətdir. Vətən və torpaq hissi bizim hər birimizi ölkə prezidenti, cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səfərbər etdi... Çağırışa ilk qoşulanlardan biri də və bəlkədə birincisidə bizim Nurlan Zeynalov oldu.İnsan, onun taleyi, həyatı və ölümü haqqında filosoflar zaman-zaman düşünmüş və dərin elmi əsərlər yazmışlar. Antik fəlsəfədə insana kosmosun bir hissəsi kimi baxılmışdır. Təsadüfü deyil ki, böyük Yunan filosofu Platon fəlsəfə haqqında danışarkən, onun başlıca məqsədinin insanın mahiyyətini öyrənmək olduğunu vurğulamış və qeyd etmişdir ki, insan öz mahiyyətini dərk etmədən, o qalan dünyanı dərk edə bilməz.
Dini dünyagörüşə görə insanı Allah özünə oxşar və uyğun olaraq yaratmışdır. Dini rəvayətlərə görə o, ruh və bədəndən ibarət olmaqla, insanın əsl həyatı, cismani ölümdən sonra başlanır. Bədən maddi olduğu üçün fani, ruh isə əbədidir. “Qurani-Kərim”də insan haqqında deyilir: yaratdıqlarımızın çoxundan onu üstün tutduq(17:70), çox gözəl görkəmdə yaratdıq biz insanı(95:4). Dostayevski isə haqlı olaraq göstərirdi ki, insan olduqca sirli, dərk olunmaz bir varlıqdır, elm onu hələ sona qədər öyrənməmişdir. Bu mənada insan biososial varlıq olmaqdan daha çox özünün xüsusi daxili aləmi olan, mənəvi ruhi ilə zənginləşən dahiyanə bir varlıqdır. Buna görə də insan şüurlu varlıq olaraq bu dünyadakı yerini, məqsəd və vəzifələrini özü müəyyən etməli və o məqsədlər uğrunda mübarizliyi ilə fərqlənməlidir. İnsan yeganə varlıqdır ki, o, idealarla yaşayır və onu tərbiyə etməçox asandır. Sonunun ölüm olduğunu dərk edən, başa düşən əsil insan, həyatda ən şərəfli, daha mənalı bir ölüm yoluna üstünlük verir, bu yolu özü üçün seçir və hətda canını belə fəda etməyə hazır olur... Belə şərəfli yolun birini də dostumuz və qardaşımız Nurlan Zeynalov şüurlu olaraq, fədakarcasına seçdi... Vətən torpaqlarının yağı düşməndən azad olunması uğrunda gedən mübarizədə hətda ölümün də ola biləcəyi, çətin bir yolu seçdi... Onun tez-tez təkrar etdiyi “torpaq uğrunda ölən varsa, Vətəndir” cümləsi, əslində onun həyat devizi idi... O, öz ölümü ilə Vətənimizi şərəfləndirdi, özü isə şəhid olmaqla Qəhrəmanımıza çevrildi...
Nurlan Zeynalov 25 noyabr 1989-cu ildə Sabirabadda anadan olmuşdu. Memarlıq və İnşaat Universitetini uğurlu bitirmiş və Azərbaycan Respublikasının vətəndaşı kimi hərbi borcünü yerinə yetirməyə yollanmışdır. Əsas məqsədi ali təhsilli mühəndis olmaqla yanaşı, hərb elminin incəliklərini də mümkün qədər dərindən öyrənmək istəyində idi. Sanki o özünü Vətən uğrunda döyüşlərə hazırlayırdı. Buna görə də o, hərbi xidmətdə nümunəvi bir vətəndaş kimi xidmət etmiş, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində xüsusi kursları uğurla başa vurmuş, ehtiyatda olan zabit kimi tərxis olunmuşdur. Təsadüfi deyil ki, hərbi sahəyə xüsusi marağı, zabitimizi ölkəmizin Silahlı Qüvvələrində öz dəsti-xətti və xüsusi rolu olan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində işləməyə gətirib çıxardı. Bu da bir taleh yazısı idi. O, MAKA-nın İnstitutlarının birində kadr şöbəsinə müdür təyin edildi. Gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində daim nümunəvi fəaliyyəti ilə fərqləndi.
27 sentyabr 2020-ci il onun həyat yolunda yeni bir mərhələnin – qəhrəmanlıq mərhələsinin başlanğıcı oldu. Ölkə prezidenti, ali baş kamandan, cənab İlham Əliyevin çağırışlarını diqqətlə izləyən Nurlan Zeynalov həmin gündən də cəhbəyə böyük yanğı ilə can atmağa başladı. Erməni faşizminin illər uzunu bu millətə verdiyi əzablar, ölkənin bütün qeyrətli vətəndaşları kimi onunda intiqam hissini gündən-günə artırır, yağı düşməndən qisas almaq istəyi gənc zabitimizin ümdə arzularından birinə çevrilirdi. Arzu və istəklərini reallaşdırmaq arzusu ilə Nurlan Zeynalov iş yerində dostları ilə vidalaşıb, hərbi qeydiyyatda olduğu Sabirabad rayon hərbi komissarlığına tələsirdi. Çünki Vətən darda idi. Onun odlu-alovlu xahişlərinə biganə qalmayan komissarlıq işçiləri Nurlan Zeynalovun arzusunu nəhayətki reallaşdırmağa imkan yaratdılar. O, 29 sentyabrda canı və ruhu qədər sevdiyi qızı Nurayla, ailənin digər üzvləri ilə, dostları ilə görüşüb, vidalaşıb, onların xeyir-duasını alıb Gəncə şəhərindəki hərbi hissələrin birinə - təyinat yerinə yola düşdü. Vətən onun yolunu böyük ümüdlə gözləyirdi. Baş leytenant Nurlan Zeynalov yeni yaradılmış hərbi hissədə rota kamandiri kimi təyinat alaraq milli qürur yerimiz, qeyrət yerimiz olan Şuşa uğrunda döyüşlərə atıldı...
Ali baş kamandanımızın dediyi kimi, Şuşa uğrunda gedən döyüşlər, heç şübhəsiz hərb elmi tarixinə qızıl hərflərlə yazılan şanlı səhifələr olacaqdır. Bu şərəfli tarixin səhifələrində heç şübhəsiz baş leytenant Nurlan Zeynalovun öz yeri, öz dəsti xətti, öz taktikası və strategiyası xüsusi bir səhifədə yer alacaqdır. Döyüşdə yaralanan Nurlan Zeynalov dostlarının təkidli tələbi ilə hərbi xəstəxanaya yerləşdirilmiş, ilkin müalicə aldıqdan sonra qısa müddət keçməsinə baxmayaraq yenidən cəbhəyə can atmışdır. Bu dəfə o, Xocavənd uğrunda gedən döyüşlərdə bir rota kamandiri kimi xüsusi ilə fərqlənmiş, fəqət namərd gülləsi gənc, alovlu, fədakar kamandirin ömrünə son qoymuşdur... Bilmirəm onun döyüş yoldaşları, dostları qəhrəman Nurlanın yolunu həsrətlə gözləyən körpə Nuraya nə cavab verəcəklər? Yəgin Vətən uğrunda vuruşan, şəhidlik zirvəsini qəhrəmanlıqla fəth edən bir ata ilə, hələ 31 yaşı 25 noyabrda tamam olacaq gənc, fədakar, zabitimizlə, qəhrəmanımızla fəxr etməli olduğunu ona təlqin edəcəklər. Bu da bir təsəllidir. Bu həmdə bizə, onun iş yoldaşlarına və dostlarına bir təsəllidir.
Milli Aerokosmik Agentliyin baş direktoru, professor Natiq Cavadovun rəhbərliyi ilə Müdafiə Sənayesi Nazirliyinin və Milli Aerokosmik Agentliyin kollektivi şəhidimiz Nurlan Zeynalovun dəfn olunduğu Sabirabad şəhərinə gedib, onun ailəsinə baş sağlığı vermiş, onunla qürur duyduqlarını bəyan etmişlər. Heç şübhəsiz qədirbilən xalqımız baş leytenant Nurlan Zeynalovun əziz xatirəsini daim xatırlayacaq, onun haqqında fəxrlə danışacaq və hələ çox yazacaqlar. Böyük bir əmək kollektivi - Milli Aerokosmik Agentliyin kollektivi ümüd edir ki, ölkənin Müdafiə Nazirliyi şəhid baş leytenant – Nurlan Rəfail oğlu Zeynalovun qəhrəmanlığını layiqincə qiymətləndirəcəkdir. Bu bizim kollektiv üçün də bir təsəlli olacaqdır. Şəhidimizin əziz xatirəsi Milli Aerokosmik Agentlikdə də əbədiləşdiriləcək, onun ailəsi, körpə Nurayı daim diqqətdə saxlanılacaqdır. Bu bizim vətəndaşlıq, insanlıq borcumuzdur.
Şəhidimizə Allah rəhmət eləsin! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası Müdafiə Sənayesi
Nazirliyi Milli Aerokosmik Agentliyin
baş direktor müavini Mahir Cəfərov