Türkiyədən cəbhəyə könüllü gələn həkimdən TƏSİRLİ SÖZLƏR: Yaralı əsgərləri saxlaya bilmirdik, onlar...

Türkiyədən cəbhəyə könüllü gələn həkimdən TƏSİRLİ SÖZLƏR: Yaralı əsgərləri saxlaya bilmirdik, onlar... backend

Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasının azərbaycanlı əməkdaşı, mütəxəssis-həkim Amil Hüseynov Dağlıq Qarabağda müharibə başlayan günlərdə bir çox həmvətənimiz kimi ölkəyə geri qayıdıb.

Publika.az xəbər verir ki, o, könüllü olaraq cəbhə bölgəsinə yollanıb.

A.Hüseynov 40 gün ərzində Bərdə şəhərindəki hərbi hospitalda işləyib. Bu müddət ərzində komandası ilə birgə 300-ə yaxın yaralını sağaldıb. Erməni hərbi birləşmələrinin Bərdəyə təşkil etdiyi ballistik raket hücumu zamanı yüngül xəsarətlər alan doktor buna rəğmən, bölgəni tərk etməyib və xidmətinə davam edib.

Dağlıq Qarabağdakı atəşkəs razılaşmasından sonra xidmətini tamamlayan və yenidən Antalyaya qayıtmaq üçün hazırlıq görən Hüseynov yaşadıqlarını “Anadolu” agentliyinə nəql edib.

Döyüşlərin başladığını eşidən kimi Bakıya uçacaq ilk təyyarəyə bilet alan Hüseynov icazə məsələlərini daha sonra həll edib. İstanbul uçuşu ilə Bakıya gəlib, amma uşaqlarından birinin sənədində problem yaranıb. Lakin o, Vətənə hansı məqsədlə qayıtdığını hava limanındakı polislərə dedikdən sonra işi asanlaşıb.

Qeyd edib ki, işlədiyi xəstəxana da ona icazə məsələsində yardımçı olub: “Burada bütün xalq birlik və bərabərlik içində idi. Türkiyə və Azərbaycan bayraqlarını yanaşı görmək qürur verir”.

A.Hüseynov bildirib ki, işlədiyi hospitalda çox sayda əsgər və mülki şəxsi sağaldıb: “Əsgərlər bir an əvvəl sağalıb cəbhəyə geri qayıtmaq istəyirdi. Onları çətinliklə saxlayırdıq. Ermənilərin atdığı raketlərdən biri xəstəxananın yaxınlığına düşmüşdü. Raket yerə düşəndə dalğanın təsirindən yıxılaraq xəsarət aldım. Ayağım 3 gün sarğıda qaldı. Yaxşı qurtardıq”.

Onun sözlərinə görə, Türkiyədən gəlməsi yerli həkimlərdə motivasiya və yaxşı əhval yaradıb.