AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr Şöbəsindən QAZİLER.AZ saytına verilən məlumata görə, “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar İçərişəhərdə yerləşən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalı hər gün (1iyundan – 30 iyunadək) saat 11:00-dan 21:00-dək üçnövbəli iş rejimində çalışıb.

İnstitutun şöbə müdiri, t.ü.f.d. Fərhad Quliyevin sözlərinə görə, Avropa Oyunları zamanı Muzey-sərgi zalının 2000 nəfər ziyarətçisi olmuşdur. Muzeylə tanış olan ziyarətçilər həm Azərbaycan Respublikası, həm də xariçi ölkə vətəndaşlarından ibarət idi.

“Bakı-2015” Avropa Oyunları ərzində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzey-sərgi zalını ziyarət etmiş qonaqlara Azərbaycan, ingilis, fransız və rus dillərində Azərbaycan xalqının zəngin maddi-mənəvi tarixi keçmişi barədə əyani eksponatların timsalında geniş məlumat verilmişdir.
“Bakı-2015” Avropa Oyunları ərzində Muzey-sərgi zalının məhsuldar fəaliyyəti yerli və əcnəbi KİV tərəfindən dəfələrlə işqılandırılmışdır.
