Şəhid Əkbərov Vüqar Seyid oğlu.
Doğum tarixi: 1990-cı il, 12 sentyabr, Tovuz, Yuxarı Öysüzlü kəndi.Musavat.com bildirir ki, Vüqar Əkbərov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Ordu sıralarına DQ -nın Sumqayıtda dislokasiya olunan hərbi hissəsindən qatılıb. Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Böyük qəhrəmanlıqlar göstərib. Məşhur "052" ilə bərabər ( Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (https://az.m.wikipedia.org/wiki/Az%C9%99rbaycan_Respublikas%C4%B1_M%C3%BCdafi%C9%99_Nazirliyi)
Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvə) Şuşa uğrunda döyüşlərdə iştirak edib. Qəhrəmanca həlak olub.
Şəhadət tarixi 7 noyabr, 2020.
Kitablara düşəcək epizod:
Vüqar Füzuli istiqamətində gedən döyüşlərdə başından yaralanıb. Kəllə - beyin travması ilə hospitalda müalicə olunub.
Bir neçə gün sonra öz israrlı istəyi ilə, müalicəsi tamam olmadan, təkrar döyüşə qatılıb.
Atası Seyid oğlu ilə arasındakı son dialoqu belə anlatdı:
- Oğul, yaralısan, tam sağal sonra gedərsən...
- Ata, mən getməliyəm, uşaqlar hamısı döyüşdədi, burda qalammaram, yolumu kəsmə... Vətən üçün yarandım, Vətən üçün şəhid olsam haqqını halal elə...
Şəhadəti seçdi, DİN və Milli Ordu Xüsusi Təyinatlıları Şuşa uğrunda müharibə tarixinə keçəcək möhtəşəm bir savaş verdilər. Qalib gəldilər. Bu möhtəşəm qələbəni Vüqar Əkbərov və onun Şəhid qardaşları görməsələr də, Azərbaycan, Türk dünyası onları gördü, tanıdı, bağrına basdı.
Allah cəmi Şəhidlərimizə rəhmət etsin!

