Sürücülər qeyri-qanuni sərnişin daşıyırlar

Sürücülər qeyri-qanuni sərnişin daşıyırlar backend

Ölkə ərazisində bütün avtovağzalların fəaliyyəti dayandırılıb, rayonlararası sərnişindaşıma aparılmır.

Qərb bölgəsində də avtovağzallar işləmədiyindən bəzi sürücülər qeyri-qanuni yollarla ətraf rayonlardan Gəncəyə, eləcə də paytaxt Bakıya sərnişin daşıyırlar. Gəncə polisinin şəhər ərazisində apardığı yoxlamalar zamanı bununla bağlı qanun pozuntuları müəyyən edilib.

Şəhərin müxtəlif ərazilərini özləri üçün dayanacaq seçən bu mikroavtobusların sürücüləri sanki verilən qərardan xəbərsizdirlər. Ölkədə koronavirus infeksiyasının sürətlə yayıldığı bir vaxtda hamının qaydalara əməl etməsi vacib sayılsa da, Gəncədən qərb istiqamətinə sərnişin daşıyan sürücülər bunu heçə sayır.

Yoxlamalar zamanı pandemiyanı fürsət bilən sürücülərin gedişhaqqını da süni şəkildə artırdıqları məlum olub. Sürücülər müxtəlif bəhanələrlə sərnişin daşıdıqlarını inkar etməyə çalışsalar da, sərnişinlər sükan sahiblərinin yalanlarını ifşa edirlər.

Bununla belə qanunsuz sərnişin daşıyan sürcülərlə bir daha profilaktiki söhbətlər aparılıb, onlara qanunun tələbləri izah edilib.

Gəncə şəhər Baş Polis İdarəsi və tabeli orqanların əməkdaşları bu istiqamətdə yoxlamalarını davam etdirirlər.