İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev İqtisadiyyat və Sənaye naziri Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
QAZİLER.AZ saytı xəbər verir ki, Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.Nazir Şahin Mustafayev beynəlxalq maliyyə institutları ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, layihələrin icrasında qabaqcıl beynəlxalq təcrübənin, texnologiya və yeniliklərin tətbiq olunduğunu vurğulayıb. Dünya Bankı ilə əməkdaşlığın çoxşaxəli olduğunu qeyd edən Şahin Mustafayev hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırılıb. Bildirilib ki, indiyədək Dünya Bankı tərəfindən Azərbaycana 51 layihə çərçivəsində 3,6 mlrd. dollar kredit ayrılıb. Artıq 35 layihə başa çatıb, 16 layihənin icrası isə davam edir. Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi Bakı şəhərində tullantıların idarə edilməsi baxımdan əhəmiyyətlidir.
Ekoloji layihələrin davamı olaraq, Bakı şəhərində göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, o cümlədən Böyükşor gölünün təmizlənməsi sahəsində görülən işlər, eləcə də Balaxanı, Sumqayıt, Mingəçevir sənaye parkları, Neftçalada sənaye məhəlləsi, sənaye parklarında və məhəllələrində tətbiq olunan güzəştlər barədə məlumat verən nazir Şahin Mustafayev bu sahədə Dünya Bankı ilə mümkün əməkdaşlıq barədə fikirlərini bidirib.
Nazir Şahin Mustafayev Dünya Bankı ilə əməkdaşlığın inkişafında Henri Keralinin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür etmiş, gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, cənab Keralinin Cənubi Qafqaz ölkələri üzrə regional direktor işlədiyi 3 il ərzində Dünya Bankı ilə əlaqələr daha da genişləni, 600 milyon dollar həcmində 6 layihə maliyyələşdirilib.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Henri Kerali qəbula görə təşəkkür etmiş, uğurlu əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Azərbaycanda Dünya Bankı ilə əlaqələrə böyük önəm verildiyini vurğulayan cənab Kerali bu nüfuzlu maliyyə institutunun ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da maliyyə və texniki dəstək göstərəcəyinə əminliyini bildirib.
Görüşdə həmçinin, növbəti 5 il ərzində əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, sənaye parklarında məsləhət xidmətlərinin göstərilməsi, turizmin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.