"Ağdamdakı evimizə Qədirin şəklini asacağam. Əşyalarını da oraya yığıb muzey açmağı arzulayıram".
Bunu Azvision.az -a mərhum xanəndə Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib:"İnanmıram ki, bizim ailə qədər kimsə sevinsin. Həm öz əvəzimizdən, həm də Qədirin yerinə sevinirik. Cəbrayıl alınan gün o qədər ağlamışıq ki... Tanıdığım bütün Cəbrayıllılara zəng etmişəm. Qarabağ bizim Məkkəmiz, Mədinəmizdir. Oranı elə-belə sevmirik. Ailəmin etiqad etdiyi yer Qarabağ torpağıdır.
Sentyabrın 25-i Qədir müəllimi yuxuda gördüm. Ağdamdakı evimizdə gəzirdi. Sentyabırın 27-si gecə isə oğlumun yuxusuna gəlmişdi. Övladım danışır ki, o, yuxuda əlini-əlinə vurub nəyəsə ürəkdən sevinirmiş. Qədirin bir şakəri var idi ki, ancaq Qarabağa aid olan xəbərləri izləyirdi. Yeni xəbər eşidən kimi özündən asılı olmadan barmağını dişləyirdi, həyacan keçirirdi. Axrıncı dəfə Türkiyədə otelə televiziya müxbiri gəlmişdi. Ona müsahibəsi zamanı "Qaragilə" mahnısını oxudu və dedi ki, Qarabağ alınana qədər ölməyəcəm. Əgər Qədir müəllim sağ olsaydı və eşitsəydi ki, müharibə başlayıb, ordumuz zəfər çalır, bəlkə də bundan sonra 100 il yaşayardı".
F. Rüstəmova Ağdamdakı evlərini muzeyə çevirəcəyini deyib: "Ağdam alınanda, qaça-qaça Fəxri Xiyabana gedib Qədirə xəbər verəcəyəm. Oğlanlarımın ikisi də könüllü orduya yazılıb. Təki Qarabağ azad olunsun. Bilirsiniz necə sevinirlər. Deyirlər ki, atamız bu günü görmədi, heç olmasa biz bu sevinci yaşayaq. Oğlanlarım Ağdamdakı evimizi yenidən tikəcəklər. O evdən Qədirin şəklini asacağam, əşyalarını yığacağam. Nə qədər planlarımız, görüləcək işlərimiz var. Haqq-ədalət öz yerini tutmalıdır. Dünyada ən böyük qanun ədalətdir".