Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında” 15 yanvar 2015-ci il tarixli 09-23/5 nömrəli Sərəncamının icrası məqsədilə 19 yanvar 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi və “e-mail hücum aksiyası” keçirildi.
Əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirildi.Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov 20 Yanvar hadisələri ilə bağlı respublikanın hər yerində müxtəlif tədbirlərin keçirildiyini, bu cür tədbirlərin Binəqədi rayonunda da reallaşdırıldığını bildirib. Natiq 25 il əvvəl baş vermiş qanlı faciə ilə bağlı Binəqədi məktəbləri arasında inşa yazı və rəsm müsabiqələrinin keçirildiyini qeyd edərək, məktəbliləri tariximizin qanlı səhifəsi olan 20 Yanvar faciəsini unutmamağa, daim xatırlamağa səsləyib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov faciənin tarixi, bu hadisələrin heç zaman unudulmamasının vacibliyi, Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini qeyd edib. Natiq ümumilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə müvafiq siyasi qiymət verdiyini, SSRİ rəhbərliyinin törətdiyi əməlin humanizmə zidd olduğunu qeyd edib. Ramiz Göyüşov 20 Yanvar hadisələrinin qurbanlarının xatirələrinin daim yaddaşlarımızda qalacağını vurğulayıb.
Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatının baş təlimatçısı Əlimərdan Sultanov 20 Yanvar facisəsinə dünya birliyinin hələ də layiqli siyasi və hüquqi qiymət vermədiyi haqqında danışıb. O belə qanlı faciələrin gələcəkdə də digər xalqların həyatında olmaması üçün cinayəti törədənlərin beynəlxalq birlik, regional və beynəlxalq təşkilatlar tərəfindən cəzaya layiq görülməsi və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən məhkum olunmasının vacib olduğunu qeyd edib.
Sonra “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərindən 179 №li tam orta məktəbin 10 b sinif şagirdi Ceyran Rüstəmova “Nifrət dərsi” adlı inşa yazısını təqdim etdi.
Daha sonra “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Qaliblər müvafiq diplomlar və hədiyyələrlə mükafatlandırıldılar.
Daha sonra gənclərin iştirakı ilə reallaşdırılan “e-mail hücum aksiyası” çərçivəsində 1990-cı ilin qanlı 20 Yanvar faciəsi haqqında məlumatlar bir neçə xarici dildə Fransa, Rusiya Federasiyası, Böyük Britaniya, Türkiyə, Amerika Birləşmiş Ştatlarının parlament üzvlərinə və eləcə də beynəlxalq və regional təşkilatar, onların strukturuna daxil olan qurumların elektron ünvanlarına göndərildi. Aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini, xüsusilə də dünyanın aparıcı dövlətlərinin parlament üzvlərini qanlı 20 Yanvar hadisələri haqqında məlumatlandırmaq, onlara bu hadisəni törədənlərlə bağlı ətraflı məlumat vermək, faciənin ədalətli şəkildə siyasi və hüquqi qiymətləndirməsinə çağırmaq olub.