Sentyabrın 27-də mənfur Ermənistan silahlı qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini hədəf alaraq iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı.
Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Bundan sonra qüdrətli Azərbaycan Ordusu düşmənə öz gücünü göstərməyə başladı. O gündən Silahlı Qüvvələrimiz düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini, döyüş texnikasını aşkar edərək məhv edir, işğal altında qalmış torpaqlarımız azad olunur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun cəbhə bölgəsində inamla irəliləməsi sayəsində artıq işğaldan azad edilmiş torpaqlarımıza qovuşmuşuq.Sentyabrın 27-dən bu günə qədər bir çox xarici ölkələr, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Qarabağ probleminin həll olunmasında Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi tərəfindən bu ali məktəbdə təhsil alan əcnəbi tələbələrin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı haqlı mübarizə ilə bağlı fikirləri öyrənilib. Əcnəbi tələbələrin fikirlərini təqdim edirik:
Jurnalistika fakültəsinin magistrantı, Misir Ərəb Respublikası vətəndaşı Ehab İsmail: - Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq milyonlarla insanın taleyində iz buraxıb. Təəssüflər olsun ki, Qarabağ probleminin həll olunması məqsədilə BMT-nin qəbul etdiyi dörd qətnamə indiyədək kağız üzərində qalıb. ATƏT-in Minsk Qrupu 28 ildir ki, bu münaqişənin həlli istiqamətində heç bir nəticə əldə etməyib. Buna görə də Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məni sevindirir. Torpaq Vətəndir, bölünməzdir. Qarabağ Azərbaycandır!
Tarix fakültəsinin doktorantı, Türkiyə vətəndaşı Oğuz Kağan Bayrakdar: - Ermənilərin Dağlıq Qarabağa status məsələsini tələb etməsi, Azərbaycanın qədim torpağı olan Şuşa şəhərində rəqs etməsi onların işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini bir daha sübut edir. Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək uğrunda vuruşur. Mən də Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü səbirsizliklə gözləyirəm. Qarabağ Azərbaycandır!
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Qazaxıstan vətəndaşı Askar Müzaffar: - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı sülh danışıqları nəticəsiz qalıb. Ermənistan sülh danışıqlarını pozub. Bu da onu sübut edir ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasına maneədir. Haqq, ədalət yolunda olan Azərbaycanın işğal edilmiş torpaqlarını azad edəcəyinə əminəm. Dünya bilsin ki, Qarabağ Azərbaycandır!
Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin builki məzunu, Pakistan vətəndaşı Mahmut Athar: - Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və Dağlıq Qarabağ probleminə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanlı qardaşlarım bilsin ki, bir-birimizin kədərini və sevincini paylaşan ölkələr olaraq hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Azərbaycanın uğrunda canımı belə fəda etməyə hazıram! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!