Cəbrayıl Dövlətzadənin DASTANI...

Cəbrayıl Dövlətzadənin DASTANI... backend

Modern.az saytı “Torpağı azad edən şəhidlər...” silsiləsindən ilk yazını təqdim edir....

(I hissə)


Fevral ayıdır. Yenə gecə Məleykənin gözlərinə yuxu getmir. Oğlu əsgər gedəndən bu gündədir. Gecələr yatağına qor dolur, min xəyal edir. Namazlarında gündə 5 dəfə əlini Tanrıya açıb, gözünün işığı, qolunun qüvvəti olan oğluna can sağlığı, qəzadan-bəladan uzaq olmağı diləyir. Lap Sücaət şeirində yazdığı kimi: “Balaları gülə-gülə yatırıb, Ağlayıram, yatmıram ki, gecələr...”. Telefonuna tanınmadığı nömrədən zəng gəlir. Yenə ürəyi titryəb-əsir. “Ay Allah, görəsən nə xəbər gələcək? Görəsən kimdir gecənin bu aləmində zəng vuran. Kaş ki, Cəbrayıl ola...”. Əlləri, ürəyi titrəyə-titrəyə telefonu açır, yavaş səslə: -Kimdi?- deyə soruşur. Xəttin o biri başından zəif səslə bir nəfər deyir:


-Mənəm də...


- Kimdi axı...


- Ay ana, mənəm də...


- Bıyyyy.. başına dönüm, ömrüm sənə qurban. Coni, bərkdən danış da... elə yavaş danışırsan ki, səsini tanımıram.


-Bu vaxtı sənə məndən başqa kim zəng edəcək ki, ana... Uşaqlara mane olmamaq üçün yavaş danışıram da,.. bilmirsən guya? Nə var –nə yox, necəsiniz?


-Yaxşıyıq. Qardaşın da yaxşıdı. Televizorda replərə baxıb, o da böyüyüb. Forslanır özü üçün.


Elə bu vaxt Cəbrayılın öskürək səsi gəlir. Anası:


-Cannnnn... ana qurban, niyə öskürürsən yenə, xəstələnmisən eləmi?


- Soyuq suda oldu...


-Nə?!


-Soyuq suda oldu...


-Soyuq su içirsən yenə?!, - ana elə bilir ki, oğlu soyuq su içir. Lakin xüsusi təyinatlıların əsgəri Cəbrayıl Dövlətzadə əməliyyatlarda, təlimlərdə soyuq suda davamlılıq dərsindən danışır. Ana nə bilsin ki... Cəbrayıl bilir ki, anası söhbətin nədən getdiyini başa düşmədi. Sözü dəyişmək istəyir.


- Cannnnn, anan qurban, özüvə yaxşı bax, Dərman verirlər? Ordakı əsgər, o böyük əsgər keçən dəfə dedi ki, bacı narahat olma, biz əsgərlərə yaxşı baxırıq. Düz deyər yəqin? Deyir ki, xəstələnəndə dərman alırıq, qoymuruq xəstələnməyə.


-Düz deyir.


-Dərman iç, ömrüm qurban.


-İçirəm.


- İdman -zad edirsən?


Cəbraıl gülür...


-Ana, dünənləri... tam danışa bilmirəm... bir 10 kilometr yol getmişik, sonra da 19 kilometr qayıtmışıq. Belimizdə də ağır yük...


-Zülm çəkirsiz eeee..


-Nə zülüm... Əladır (gülür).


-Bədənin –zadın şişər...


-Nə şişmək? Dözümlülük keçirik. Dözümlülük. Normadır.


-Yox eeee. Bədənin şişməyib? Pəhləvanlar kimi olmamısan?


- Dözümlülükdür də... Bərkiyir bədən...



-Ay bala bilirəm dəəəə... anayam axı... Sən Türkiyədə olanda da telefon əlimdə qalırdı ki, görüm hardasan... telefonu geç açanda ürəyim partlayırdı. O gün Vüsal gəlmişdi. Sənə salam deyir. Deyir Cəbrayıl mənim canımdır, çox yaxşı qardaşdır, çox yaxşı övladdır. Hamısı sənin üçün dua edir. Vüsal Şəmkirdədir. Maaşını qaldırıblar. Deyir ki, sən gəlib burda işləsən, sənin maaşın onunkundan da yüksək olacaq.


-Gecəniz xeyrə...


-Cannnn.. gedirsən.... oğlum... bir dənə... Burada telefon söhbəti bitir.


İndi isə Məleykə olanlara inanmaq istəmir. Əlində telefonu oğlundan yadigar qalan şəkillərə baxır, baxır, səsini dəfələrlə dinləyir... usanmır. Hər sualımdan sonra fikri uzaqlara uçur. Yenə telefonunu qurdalayır. Yenə Türk dünyası boyda bir qəhrəmanın şəkillərini göstərir, görüşlərindən danışır. Sevib- oxşayır oğlunu.


“Mənim Cəbrayılım dünyanın ən yaxşı, ən qeyrətli oğlu idi...”.


-Məleykə, başına dönüm, Sənin dünyaya gətirdiyin oğul dünyanın döyüş tarixinə, salnaməsinə adını qızıl hərflərlə yazdı. Sənin 19 yaşlı oğlun, Azərbaycanın və Azərbaycan Ordusunun yetişdirdiyi peşəkar bir generalın Polad Haşımovun qanını aldı...



-Mən oğlumun üzünü görmədim. Tabutuna sarılıb, gecədən səhərə qədər bu evin döşəməsində uzandım. Tabutun ağzını yekə mismarla mismarlamışdılar. Gücüm çatmadı örtüyünü açım... Dedilər torpağa tapşıranda, icazə verəcəklər baxmağıma, ancaq yenə qoymadılar son dəfə balamı görüm...Bax o bayrağı görürüsən, o bayrağı verdilər mənə.


(ardı var...)
Diaspora