Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun doğma torpaqlarımızı Ermənistanın işğalından azad etdiyi bu şərəfli günlərdə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzilə təminatı tədbirləri də davam edir.
Qazilər.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, Balakəndə 13, Şəkidə 3, Oğuzda 3 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.Şəki rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Şəki rayon İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov, Balakən rayonunda evlərin istifadəyə verilməsi tədbirində isə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Nazirliyin həmin rayon üzrə yerli qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirlərdə qeyd edilib ki, Azərbaycan əsgərinin zəfəri, doğma Qarabağımıza doğru atdığı mətin addımlar hər birimizdə sonsuz qürur və iftixar hissləri yaradıb. Ölkəmizdə Qələbə ovqatının hökm sürdüyü, tariximizə yeni qəhrəmanlıq səhifəsi kimi yazılan bu günlərdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni fərdi evlərin verilməsi də bir həqiqəti əks etdirir: Vətən naminə döyüşlərdə şəhid olan insanların ailələri, bu döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar daim Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir və güclü dövlətimizin qayğısı ilə əhatə olunublar.
Mənzillə təminat proqramının davamı kimi, ötən il 934 mənzil və fərdi ev şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə çatdırılması, azı 1500 mənzil və fərdi evin qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilməsi nəzərdə tutulub. Bu gün Şəki, Balakən, Oğuz rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 636 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 82 fərdi ev) verilib.
Qalan evlər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8224 mənzil və fərdi ev təqdim edilib.
Yeni evlə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Şəhid ailələri bildiriblər ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi şanlı Qələbələr, torpaqlarımızın bir-birinin ardınca işğaldan azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir. Xalqımız onu daim zəfərlərə doğru səfərbər edən öz rəhbərinin ətrafında yumruq kimi sıx birləşib.
Qarabağ müharibəsi əlilləri isə hər an yenidən cəbhəyə dönüb igid əsgərlərimizlə silahdaş olmağa hazır olduqlarını vurğulayıblar.