Qarabağ qazilərindən Tramp, Makron və Putinin bəyanatına SƏRT CAVAB

Qarabağ qazilərindən Tramp, Makron və Putinin bəyanatına SƏRT CAVAB backend

Qarabağ qaziləri ictimai birliyinin açıqlaması...

“Bildiyimiz kimi bu günləri ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Putin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyənat yayıblar. Bəyanatda Azərbaycanı Dağlıq Qarabağın işğal altında olan ərazilərinin azad olunması ilə bağlı başlatdığı antiterror əməliyyatını dayandırmağa çağırıblar. Beləliklə, onlar Ermənistan-Azərbaycan tərəfini atəşkəs elan etməyə, Minsk qrupu çərçivəsində problemi yenidən danışıqlar masasında həll etməyə çağırıblar. “Qarabağ qaziləri” ictimai birliyi bu yaramaz bəyanatı pisləyir”.

Qazilər.az
xəbər verir ki, bu fikirləri “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev açıqlamasında qeyd edib. O, ATƏT-in Minik Qrupu həmsədr ölkələrinin liderlərini Azərbaycanı atəşkəsə çağırmaq əvəzinə, erməniləri əzəli və əbədi torpaqlarımız olan Dağlıq Qarabağı tərk etməyə səsləyib:

“Birliyimiz bəyan edir ki, 30 ilə yaxındır ATƏT-in Minsk qrupu, ümumiyyətlə bu 3 ölkənin həmsədrliyi Dağlıq Qarabağ probleminin nəinki həll edilməsinə, əksinə onun qəlizləşməsinə, daha da ziddiyyətlərin yaranmasına gətirib çıxartmışdır. 30 ilə yaxındır insanlar doğma torpaqlarından didərgin düşmüş, onların yurdları xaraba qalmış, artıq yüzlərlə, minlərlə köçkün öz doğma yurduna qayıtmaq arzusuyla dünyasını dəyişmişdir. Son günlər düşmənin hücumunun qarşısını alaraq əks-hücuma keçən rəşadətli Azərbaycan Ordusunun ermənilərə vurduğu zərbələrdən narahat olan Amerika, Fransa və Rusiya prezidentləri bizi atəşkəsə çağırmaq əvəzinə, erməniləri Azərbaycan torpaqlarından dərhal, qeyri-şərtsiz çıxmağa çağırmalıdırlar. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrimizin Baş Komandanı cənab İlham Əliyev demişdir ki, əgər ermənilər danışıqların olmasını istəyirlərsə, bunun bircə şərti var: işğal altında olan bütün torpaqlarımızdan çəkilməlidirlər, Dağlıq Qarabağ və onun ətraf rayonları Azərbaycanın nəzarətinə keçməlidir, başqa bir yolu yoxdur. “Qarabağ qaziləri” ictimai birliyi prezidentin bu bəyanatını dəstəkləyir, bütün döyüşçüləri prezidentin bu mövqeyi ətrafında birləşməyə çağırır. Bildiririk ki, prezidentin mövqeyi Azərbaycan xalqının mövqeyidir. Azərbaycan xalqının nümayəndələri olaraq bildiririk ki, xalqımız prezidentin yanındadır. Bir daha qeyd edirəm, həmsədrlərin bəyanatını pisləyir və torpaqlarımızın dərhal azad olunmasını tələb edirik. Əks təqdirdə Azərbaycan Ordusu döyüş əməliyyatlarını davam etdirəcək”.

QAZİLƏR.AZ