YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 39-cu Sessiyası 28 iyun-8 iyul tarixlərində Almaniyanın Bonn şəhərində "İrs naminə birləşək!" şüarı altında keçirilir.
Tədbirdə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə milli Komissiyanın nümayəndəsi iştirak edir.28 iyun tarixində keçirilən Komitənin açılış mərasimində YUNESKO-nun baş direktoru İrina Bokova, Almaniyanın xarici işlər üzrə dövlət naziri M.Böhmer, YUNESKO baş konfransının sədri Hao Ping, YUNESKO-nun İcraiyyə Şurasının sədri Muhammad Amr çıxış edərək dünya mədəni irsinin qorunmasının vacibliyi, bu istiqamətdə ölkələrarası əməkdaşlığın təşviqi, münaqişə zonalarında abidələrin və tarixi məkanların mühafizəsinin olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırdılar.
Komitənin Gündəliyində duran əsas məsələlər üzv dövlətlər tərəfindən Ümumdünya İrs siyahısına daxil edilməsi məqsədilə təqdim edilən yeni abidələrin nəzərdən keçirilməsi və artıq sözügedən siyahıya daxil olan abidələrin qorunma səviyyəsinin yoxlanılması, eləcə də hazırda münaqişə zonalarında məhv edilən abidələrin qorunması istiqamətində atıla biləcək mümkün addımların və s. məsələlərin müzakirəsidir.
Qeyd edilməlidir ki, Komitənin hazırkı sessiyası dünyada mədəni abidələrin məqsədyönlü şəkildə dağıdılması fonunda keçirilir və məhz bu səbəbdən YUNESKO-nun diqqəti xüsusi olaraq bu məsələyə yönəlmişdir. Təsadüfi deyil ki, hazırkı sessiya çərçivəsində YUNESKO-nun Baş Direktoru xanım İ.Bokovanın iştirakı ilə "İrsin Qorunması naminə Global Koalisiya" adlı təşəbbüsün təqdimat mərasimi keçiriləcəkdir.
Məlum olduğu kimi Azərbaycanın İçəri şəhər, Şirvanşahlar Sarayı kompleksi və Qız Qalası, həmçinin Qobustan tarixi-bədii Qoruğu YUNESKO-nun Ümumdünya İrsi siyahısındadır. Hazırda ölkəmizin digər tarixi-mədəni abidələrinin bu siyahıya daxil edilməsi üçün iş aparılır.