Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb.
Komitədən verilən məlumata görə, görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşmüş 1 milyon 200 mindən soydaşımızın üzləşdiyi çətinliklər və məhrumiyyətlər haqqında məlumat verilib . Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı 4 qətnaməsi hələ də icra edilməyib. Ermənistan işğalçılıq siyasətini davam etdirir, hərbi qarşıdurmanı qızışdırmağa cəhd göstərir. Bu gün Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçularından biri şəhid olub, biri yaralanıb.BQXK nümayəndələrinə bildirilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev tərəfindən mühüm və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi böhranın davam etdiyi bir vaxtda belə Azərbaycanda məcburi köçkünlərlə bağlı sosial layihələr ardıcıllıqla icra olunur, yeni qəsəbələr salınır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğı göstərir, onların problemlərinin həllinə daim diqqət yetirir.