Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov bu gün ölkənin hər bir bölgəsində hörmətlə anılır və xatirəsi yaşadılır.
Qazilər.az Moderator.az-a istinadla xəbər verir ki, Bakının Kürdəxanı qəsəbəsində küçələrdən birinə şəhid generalın adı verilib. Qəsəbə sakinləri də əməkdaşımızla söhbətləri zamanı bunu yüksək qiymətləndiriblər. Onların sözlərinə görə uzun müddətdir ki, adsız qalan qəsəbə küçələrindən birinin generalın xatirəsini əziz tutmaq Polad Həşimov adlandırılması hamının ürəyincədir.Onların isə bir xahişi var və o da generalın adını daşıyan küçənin təmirsiz yoludur. Qəsəbə sakinləri deyib ki, başqa küçələr elə də vacib olmasa da, generalın adını daşıyan küçənin yolunun təmirə ehtiyacı var. Təbii ki, bu da Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə düşür. Sakinlər bildirib ki, əgər aidiyyatı qurumlar yolu təmir etməsə, onlar öz aralarında pul yığıb küçəni təmir etdirəcəklər. Amma onların bu sözündən sonra müvafiq qurumlar heç də arxayınlaşmasın, əslində yolun təmiri onların vəzifə borcudur.
Qeyd edək ki, bundan öncə Qəbələ rayonunda da küçələrdən biri Polad Həşimovun adına verilib.