Avropa Oyunlarının keçirilməsi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, böyük miqyaslı oyunları yüksək səviyyədə keçirməyə qadirdir.QAZİLER.AZ saytı xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarının həm açılışı, həm də bağlanışı özünün möhtəşəmliyi ilə seçildi: "Çünki bu Oyunlara hazırlıq əvvəldən yüksək səviyyədə aparılmışdı, təşkilatçılıq işləri hərtərəfli görülmüşdü. Bəzi qüvvələr bizim burada gördüyümüz işləri alt-üst etmək istəyirdilər. Deyirdilər ki, Azərbaycanın bu Oyunları keçirməyə gücü çata bilməz, müəyyən problemlər yaranacaq, stadionlar yarıtmaz vəziyyətdədir. Lakin Oyunların açılışı, gedişatı və bağlanışı bu fikirlərin hamısını alt-üst etdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, bu ölkə nəyə qadirdir, bu xalq nə qədər qonaqpərvərdir, bacarıqlıdır”.
T.Rzayevin sözlərinə görə, Avropa Oyunlarının ən böyük möhtəşəmliyi Azərbaycan idmançılarının qələbələri oldu: “Biz bunu gözləmirdik. Biz deyirdik ki, əvvəlki oyunlarla müqayisədə bu oyunlarda 1-2 medal artıq olsa, yaxşıdır. Ancaq Azərbaycan idmançıları qələbələri ilə tarix yazdılar”.
T.Rzayev deyib ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir tarix idi: "Ən yüksək tarixi isə bizim Azərbaycan idmançıları yazdılar. Onlar qazandıqları qələbələri ilə nəyə qadir olduqlarını göstərdilər. Bu Oyunlar Azərbaycanın həqiqətən də idman ölkəsi olduğunu bir daha göstərdi".