20 Yanvar İctimai Birliyi Nazirlər Kabinetini məhkəməyə verməyə hazırlaşır.
Bu barədə 20 Yanvar İctimai Birliyinin sədri Sultan Əzimzadə “feysbuk” sosial şəbəkəsindəki hesabında məlumat verib:“1990-cı ilin 20 Yanvar hadisələrindən 30 ildən çox vaxt keçməsinə, “20 Yanvar” ictimai birliyi adından çoxsaylı müraciətlərimizə baxmayaraq Nazirlər Kabinetində 20 yanvarda hansı hadisənin baş verdiyini ya anlamırlar, ya da anlamq istəmirlər. Artıq müraciətlərin heç bir nəticə verməyəcəyini düşündüyümüzdən 20 Yanvar əlillərinə qarşı illərdir davam edən mənəvi terrora görə Nazirlər Kabinetini məhkəməyə verməyi qərara aldıq. Xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda əlil olan şəxslərin əlillik sənədində “Əmək zədəsi”, “bədbəxt hadisə” terminlərinin yazılması nəinki 20 Yanvar əlillərinə, eyni zamanda xalqımıza qarşı hörmətsizlikdir”- deyə ictimai birliyin sədri bildirib.

Qarabağ qaziləri ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu da bununla bağlı narahatlığını ifadə edib. Qarabağ qazisi Qaziler.az-a bildirib ki, əslində bu məsələ uzun zamandır müzakirə edilsə də həllini tapmayıb.

“Bu, bizi narahat edir. Çünki Azərbaycanda qaziliyin əsasını qoyan 20 Yanvar qazilərinin əlilliyinin səbəbinin “əmək zədəsi”kimi yazılması biabırçılıqdır və yolverilməzdir. Onlar Azərbaycanın müstəqilliyi uğrunda əlil olublar və təbii olaraq bu hal onların sənədində öz əksini tapmalıdır. Biz, Qarabağ qaziləri dövlət orqanlarından məsələyə yenidən baxmaları, ədalətli qərar vermələri üçün müraciət edirik. Ümidvarıq ki, problem tezliklə həllini tapacaq” – deyə R.Kərimoğlu qeyd edib.
Qaziler.az