Yanvarın 12-də Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü qətlə yetirən rusiyalı əsgər Valeri Permyakovun cinayət işi Ermənistana təhvil verilib. APA TV-nin “News.am” saytına istinadən verdiyi məlumata görə, cinayət işi ilə bağlı materialların Ermənistana təhvil verilməsi iki ölkə arasında mövcud olan anlaşmaya əsasən həyata keçirilib.
Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.Xatırladaq ki, Valeri Permyakov Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirməkdə ittiham olunur. Gümrü şəhəri yaxınlığındakı 102 saylı Rusiya hərbi bazasında xidmət edən əsgər Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd göstərərkən Rusiya sərhədçiləri tərəfindən yaxalanıb.