Rauf Əliyev: Azərbaycan özünü bir daha idman ölkəsi kimi təsdiq etdi

Rauf Əliyev: Azərbaycan özünü bir daha idman ölkəsi kimi təsdiq etdi backend

"Dünyanın idman tarixində ilk dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunları iyunun 28-də Milli Olimpiya Stadionunda möhtəşəm bağlanış mərasimi ilə başa çatdı". QAZİLER.AZ xəbər verir ki, bunu Trend-ə millət vəkili Rauf Əliyev Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimini şərh edərkən deyib.


O, qeyd edib ki, açılış mərasimindən başlamış bağlanış mərasiminə qədər 17 gün ərzində dünyanın bütün qitələrində - hər yerdə yüz milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldu: "Bağlanış mərasimi açılış mərasimindən də möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan bir səviyyədə keçirildi. Açılış mərasimi Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisiyalardan ibarət idisə, bağlanış mərasimi Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orijinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq".

R.Əliyev bildirib ki, Azərbaycan həm bu idman bayramının təşkilatçısı kimi, həm də idmançılarımızın 50 iştirakçı dövlət arasında əldə etdiyi möhtəşəm tarixi qələbələrlə dünyada özünü bir daha idman ölkəsi kimi təsdiq etdi: "Avropa qitəsi ilə Asiya qitəsinin kəsişməsində yerləşən, şərq dəyərləri ilə yaşayan, eyni zamanda, mütərəqqi qərb dəyərlərini qəbul etmiş bir xalq, dövlət kimi Azərbaycan bütün dünyaya Azərbaycan xalqının sülhsevər, mehriban, qonaqpərvər, tolerant, yüksək mədəni-mənəvi dəyərlərə malik bir xalq olduğunu nümayiş etdirdi".

Millət vəkili vurğulayıb ki, əldə olunmuş bu zəfərin arxasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə son illər dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilən Azərbaycan dayanır: "Ulu öndər Heydər Əliyev demişdi: "Azərbaycan dünyaya günəş kimi doğacaq". Artıq o gün gəlib, Azərbaycan dünyaya günəş kimi parlayır".
Diaspora