Milli Məclis sədrinin müavini, eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bu vəzifəsindən istefa verib.
Qazilər.az xəbər verir ki, Adil Əliyev bununla bağlı "facebook" sosial şəbəkəsindəki səhifəsində yaydığı məlumatda qeyd edib. O bildirib ki, AKF-nın İdarə Heyyətinin onlayn iclası keçirilib:"Əziz dostlar, Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu.
Sentyabrın 7-də federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi. İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.
Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir.
Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm..."