Ombudsman Tofiq Yaqubluya baş çəkib

Ombudsman Tofiq Yaqubluya baş çəkib backend

Vəkil Aqil Layıc: “Onun durumu elədir ki, gözləmək vaxt itirməkdir”

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, sentyabrın 7-dək onun özünə və müdafiəçilərinə təqdim olunmayıb. Bu haqda onun vəkili Aqil Layıc məlumat verib. Qanuna görə, hökmdən 20 gün ərzində apelyasiya şikayəti verilə bilər. Lakin T.Yaqublunun vəkili deyir ki, onun 6 gündür aclıq etməsini, artıq səhhətində problemlər yaranmasını nəzərə alaraq, vaxt itirmək istəmir. Vəkil deyib ki, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev 2 dəqiqə ərzində hökmün yalnız nəticə hissəsini elan edib. Ona görə məhkəmənin ittiham hökmü çıxarmasını necə əsaslandırdığı məlum deyil. A.Layıc bildirib ki, hələ məhkəmə iclas protokollarıyla da tanış olmayıblar, məhkəmədəki ifadələrin orada əksini tapıb-tapmadığını bilmirlər: “Ailəsinin istəyi də belə oldu ki, vaxt itirmədən apelyasiya şikayəti verək. Hökmü alandan, protokollarla tanışlıqdan sonrakı iradlarımızı şikayətə əlavə formasında da göndərə bilərik. Tofiq Yaqublunun durumu elədir ki, gözləmək vaxt itirməkdir. Ona görə təcili veririk ki, qısa müddətdə baxılsın”.



Vəkil apelyasiya şikayətini sentyabrın 7-də məhkəməyə təqdim edib. Müdafiəçi Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında T.Yaqublu ilə də görüşüb, onun durumunun yaxşı olmadığını bildirib.



Azay Quliyev üçün özəl gün - FOTOLAR - modern.az

Deputat Azay Quliyev Gununsesi.info-ya açıqlamasında deyib ki, Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir: “Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apelyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektiv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi, Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarında özünün şikayətini verə bilər”.

Xatırladaq ki, bir neçə gün əvvəl deputat Qüdrət Həsənquliyev də Tofiq Yaqublu ilə bağlı ölkə başçısına müraciət edib.

“Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm ki, Tofiq Yaqublunun ailəsinin çox acılar yaşamasını və onun torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı”, - deyə Qüdrət Həsənquliyev bildirib.

Ötən gün ombudsman Səbinə Əliyeva Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Musavat.com-a bu barədə Ombudsman Aparatından məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı bu müəssisədə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti araşdırılıb.

Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub.

Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib.

Qəbul çərçivəsində saxlanılan şəxslərə ombudsmanın səlahiyyətləri barədə məlumat və qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, ərizələri qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunacaq.

“Yeni Müsavat”