Qarabağ qazisi, Müsavat Partiyasının sabiq başqan müavini Tofiq Yaqublu avqustun 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi.
Məhkəmə iclasında Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan etdi və bildirdi ki, ya azadlığa buraxılacaq, ya da ölənə qədər aclıq aksiyasına davam edəcək. Tofiq Yaqublu həmçinin ailə üzvlərinə, yaxınlarına bu fikrindən daşınması üçün ona müraciət etməmələrini də tapşırıb.T.Yaqublu rəsmi olaraq nədə ittiham edilir?
Rəsmi məlumatda yazılır ki, Tofiq Yaqublu idarə etdiyi maşınla Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobili vurub. Bildirilir ki, Tofiq Yaqublu həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirib. Hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı da əli ilə itələyib ona da xəsarət yetirib.
T.Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu məhkəmə hökmü iki gündür sosial şəbəkədə və cəmiyyətdə ciddi müzakirə olunur. T.Yaqublu ittihamları qəbul etmir və siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir. T.Yaqubluya verilən cəzaya etiraz edənlər onun ən azı Qarabağ qazisi olduğuna görə bağışlanmasını istəyir.
Mövzu ilə bağlı “Yeni Musavat”a danışan Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, Qarabağ qazisi kimi Tofiq Yaqubluya yüngülləşdirici halın tətbiq edilməsi gözlənilən idi: “Məhkəmə müəyyən dərəcədə ilkin istintaqın təqdim etdiyi materiallara əsaslanıb və qərar verilib. Qərar tərəfləri qane etmirsə, müəyyən hüquqi prosedurlar var. Bu yolla da ədalətin bərpa olunmasına çalışmaq olar. Digər tərəfdən də müraciət olunarsa, əfv institutu da mövcuddur və onu tətbiq etmək mümkündür. Biz də millət vəkili olaraq bir neçə dəfə bu istiqamətdə məsələ qaldırmışdıq. Tofiq Yaqublunun daha əvvəl də azad olunması üçün müraciət etmişdik. İndi də bu məsələ ilə bağlı müraciət edə bilərik. Artıq məhkəmənin qərarı bir faktdır. Bu qərarın bu və ya digər formada müzakirə olunması normaldır. Qərarın məsuliyyətini də məhkəmə daşıyır. Yəni haqlı və ya haqsız olmasını. Bundan sonrakı mərhələdə yuxarı instansiya məhkəmələrində qərar ədalətsiz sayıla və yeni faktlar ortaya çıxarıla bilər. Digər tərəfdən isə bu qərarla bağlı ölkə prezidenti əfv olunma proseduru həyata keçirə bilər və biz də bu istiqamətdə görülməli olan işə hazırıq. Bütün hallarda Tofiq Yaqublu Qarabağ qazisidir. Bunu nəzərə almaq lazımdır. Qarabağ qazisi kimi ona yüngülləşdirici halın tətbiq olunması gözlənilən idi”.
ReAl Partiyasının rəsmisi, millət vəkili Erkin Qədirli də Tofiq Yaqubluya çıxarılan hökmlə bağlı açıqlama verib.
“Tofiq Yaqubluya verilmiş hökm dövlətimizin adına növbəti ləkədir. Ayıbdır!” - deyə yazan Erkin Qədirli bu mövzuda başqa bir məqama da toxunub.
E.Qədirli deyir ki, Tofiq Yaqublunun həbsi ilə bağlı yazılan ingilis dilindəki təqdimatlarda onun ermənilərə qarşı savaşmasının qeyd edilməməsi başadüşülən deyil: “Tofiq Yaqublunun işi ilə bağlı ingilis dilində təqdimatların bir çoxunu gördüm. Demək olar ki, heç birində Tofiq bəyin işğalçı Ermənistana qarşı savaşdığına dair bir məlumat görmədim. Hərçənd, Tofiq bəyin prinsipiallığı və cəsarəti haqqında hekayə oradan qurulmağa başlamalı idi. Dəfələrlə yazmışam, bizdəki psevdo-liberalların və solçuların çoxu, əslində, sadəcə maymaqdır, milli təəssübkeşlikləri yoxdur. Tofiq bəyin işini (hekayəsini) Qərbə daha ucuz satmaq (təqdim etmək) üçün, Tofiq bəyin həyatında ən önəmli səhifəni görməzdən gəlirlər. Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını vurğulamaq onlara sərf etmir, Qərbdəki liberallara və solçulara orası lazım deyil. Yaxın günlərdə AŞPA-nın hüquq komitəsinin toplantısı olacaq, orada Azərbaycanda siyasi məhbuslarla bağlı mövzu açılacaq. Gündəlikdə ancaq məruzəçinin təqdimatı qeyd olunub. Belə anlaşılır ki, qərar olmayacaq. Ola bilsin, müzakirə də olmasın. Olacaqsa, söz alıb, başqa şeylərlə yanaşı, Tofiq bəyin Ermənistanın təcavüzünə qarşı savaşdığını da vurğulayacağam. Bununla həm ölkəmizdə siyasi məhbus problemini, həm də Ermənistanın təcavüzü problemini göstərə biləcəyəm. Tematik ittifaqlar çox önəmlidir. Ölkəmizi elə tənqid etmək gərəkdir ki, düşmənlər ondan yararlana, mövzunu ələ ala bilməsinlər. Tofiq bəyin Ermənistana qarşı savaşdığını vurğulamaqla, Tofiq bəyin işindən sui-istifadə fürsətini ermənilərin və onların yandaşlarının əlindən almış ola bilərik. Kontekst önəmlidir. Bu, bizim mövzudur! Öz problemlərimizi özümüz çözməliyik”.
Çingiz Qənizadə: “Özünün razılığı olarsa, adından əfv üçün müraciət oluna bilər”
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyir ki, Tofiq Yaqublunun azadlığa buraxılmasını arzu edir. O, qeyd edib ki, T.Yaqublunun razılığı olarsa, onun adından əfv üçün müraciət oluna bilər.
Bildirək ki, T.Yaqublunun həbsi ilə bağlı bir çox beynəlxalq təşkilatlara müraciətlər olunub. Aclıq aksiyasına başlayan Tofiq Yaqublu ilə Omudsmanın görüşəcəyi gözlənilir.
“Yeni Müsavat”



