Azərbaycanda partiya sədri barəsində cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Azərbaycan Mübarizləri Partiyasının sədri Ağadur Müslümov külli miqdarda dələduzluqda ittiham olunur.İş üzrə iki nəfər zərərçəkən var. Onlar İran vətəndaşı Khorazme Alireza Ghorban və Babayev İsaxan Teymur oğludur.
Zərərçəkmiş İsaxan Babayev Təhsil Nazirliyinin Tikinti İdarəsinin sabiq rəisi olub.
İsaxan Babayev polisə ərizə ilə müraciət edərək, 2013-cü ildə Ağadur Müslümova 100 min manat verdiyini, həmin şəxsin bunun müqabilində ona Təhsil Nazirliyinin idarə rəisi vəzifəsində qalmağa köməklik göstərəcəyini vəd etdiyini bildirib.
A. Müslümova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib.
Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əhməd Quliyevin icraatına verilib.
Ağadur İsayev məsələ ilə bağlı sualı cavabsız qoyub.
“Mən tədbirdəyəm, sonra sizinlə əlaqə saxlayaram”, - deyə o bildirib.