“Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina edəcək

“Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyil!” – Qarabağ əlili vətəndaşlıqdan imtina edəcək backend

Bakı şəhəri Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda yaşayan II qrup Qarabağ müharibəsi əlili, 57 yaşlı Qurbanov Nəsrəddin Lətif oğlu Azərbaycan Respublikasının Prezidentinə və Vitse-prezidentə ünvanladığı “Vətəndaşlıqdan imtina barədə” ərizəsinin bir surətini də redaksiyamıza göndərib.

Vətəndaş (hələ ki) N.Qurbanov ərizəsində onu vətəndaşlıqdan imtina həddinə çatdıran problemi də göstərərək, məsələnin KİV-də ictimailəşdirilməsini xahiş edib.

Ərizədə ehtiva olunan məsələ bundan ibarətdir ki, dövlət başçısının cəmiyyətin həssas kateqoriyasına aid üzvlərinə qayğılı münasibətinin ifadəsi olaraq, Qarabağ müharibəsi əlili kimi N.Qurbanova bağışladığı avtomobil 15.12.2018-ci il tarixdə məhkəmə qərarı olmadan Bərdə polisi tərəfindən onun əlindən alınaraq cərimə meydançasına aparılmış və hal-hazıradək qeyri-qanuni surətdə orada saxlanılmaqdadır. Maşının saxlanılma şəraitindən də bixəbər olan N.Qurbanov təxmin edir ki, avtomobil çox güman ki, çürüməkdədir. Şikayətçi bu qənaətdədir ki, polisə onun əmlakına əl qoymaq tapşırığı rayon prokurorundan gəlib və canla-başla yerinə yetirilir. Həmçinin avtomobilinin texniki şəhadətnaməsinin də əlindən alındığını qeyd edən Qarabağ əlili ona maddi ziyan vuran, mənəvi zərər yetirən məmurlar sırasında polisin təhqiqatçısını da qeyd edir: “Təhqiqatçı mənə deyir ki, səndən ötrü mənə heç kəs söz deməz. Ölkə qanunları, Prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları kağız üzərindədir. Dəfələrlə aidiyyati yuxarı instansiyalara şikayət etməyimə baxmayaraaq, heç bir qanuni tələbimin yerinə yetirilməməsi sübut edir ki, məmurların özbaşınalıqları son həddə qədər artıbdır. Belə məmurlarla bir ölkədə yaşamaq mümkün deyildir”.

N.Qurbanovun ərizəyə əlavə etdiyi ƏƏSMN-nin 3 saylı Zona Tibbi Sosial Ekspert komissiyasının arayışında təsdiqlənir ki, o, həqiqətən ömürlük əlildir və əməyə qadir deyildir. Səhhəti yerində olmayan belə bir adamı minik nəqliyyat vasitəsindən məhrum etmək, hazırki pandemiya şəraitində piyada qoymaq onu ölüm təhlükəsi ilə üz-üzə qoymaq deməkdir.

Qeyd edək ki, Bərdə rayon Prokuroru Asəf Sarıkişiyev bu ilin yanar ayında hazırki vəzifəsinə təyin olunana qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini vəzifəsində çalışıb. Yəni Asəf Sarıkişiyev KQMBİ-nin sabiq rəisi, baş prokuror vəzifəsinə irəli çəkilmiş cənab Kamran Əliyevi yaxşı tanıyır və prokurorluq sistemində apadığı islahatlardan xəbərdardır. Rayon prokuroru 2 il əvvəl ibtidai araşdırılması aparılmış işə prosessual rəhbərliyin necə həyata keçirildiyini yenidən nəzərdən keçirə bilər. Bəlkə bununla ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşub sağlamlığını itirmiş qazinin iztirablarını yüngülləşdirə, eyni zamanda, onu ölkəmizin imicinə xələl gətirə biləcək əməldən daşındıra bilər.
Nyus.Az


Diaspora