Mənim nələr çəkdiyimi kim bilər?! - Qarabağ dərdlisi Salman Alıoğlunun doğum gününə...

Mənim nələr çəkdiyimi kim bilər?! - Qarabağ dərdlisi Salman Alıoğlunun doğum gününə... backend

Sentyabrın 1-i Qarabağ aşiqi, ürəyi yurd həsrətilə yanan Salman Alıoğlunun doğum günüdür

Qaziler.az bildirir ki, Babayev Salman Alı oğlu 1 sentyabr 1955-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub.

1961-1971-ci illərdə Ağdam rayonu Əliağalı kənd orta məktəbində orta təhsil alıb. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ağdam rayon «Lenin yolu» qəzetində ədəbi işçi vəzifəsində çalışıb.

1990-cı ildə «Qarabağ» qəzetində publisistika şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin orqanı olan «Respublika» qəzetində jurnalist fəaliyyətini davam etdirib. 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin təsisçi olduğu «Respublika» qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1971-ci ildən mətbuatda yazılarım dərc edilir. Jurnalist fəlaiyyətilə yanaşı, bədii-publisistik yaradıcılıqla məşğul olur. İndiyədək Qarabağ mövzusunda və müharbə faciələrinə həsr olunan ”Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan”, “ Gözü yolda qalan var” adlı 6 kitabı nəşr edilib. «Müharibə» kitabı 1995-ci ildə müharibə mövzusunda yazılmış əsərlərin müsabiqəsində fəxri ikinci yerə layiq görülüb.

Hazırda Prezident təqaüdçüsüdür.

"Həsrətin, dərdin yükü yaman ağır olur, vallah, ona daş da
dözməzdi, əriyərdi, çatlayardı. Daşın dözə bilmədiyi həsrətə və itkiyə biz dözürük, yurd itkisinə özümüzü ovundururuq, dədə-baba torpaqların işğal altındakı iniltisi, faciəmiz bizə tərs bir şapalaq vursa da cəsarətimiz,qeyrətimiz,qisasımız, intiqamımız elə bil div yuxusuna gedib" - deyir Salman Alıoğlu.

Yazıçı publisistin yaradıcılığında Qarabağın işğalı, qədim yurd yerlərindən didərgin düşən insanların taleyi, erməni faşizminin qəddarlığı, qarabağlıların üzləşdiyi haqsızlıq və 30 ilə yaxın Ermənistanın işğalı altında inildəyən torpaqların harayı geniş təsvir olunub.

Həmin yazılar yurd yanğısı, torpaq itkisi, insan faciəsi haqqında bir elegiyanı xatırladır. Qəmin, qüssənin, kədərin, ağrının, qanı kəsilməyən yaranın, qəlbimizdə qabar bağlamış dərdin - Qarabağın qara bəxtindən, ağır taleyindən dil açıb danışan sözlər köz kimi adamı yandırır.

Salman Alıoğlunun yaradıcılığı son otuz ilin hadisələrinə, Qarabağda baş qaldıran erməni faşizminin ifşasına,1991-1992-1993-cü illərdə ölkəni öz ağuşuna alan ziddiyətlərə, hadisələri öz məcrasından çıxararaq başqa səmtə yönəldən əclaf anarxiyaya, Azərbaycanın üzləşdiyi dərin uçuruma və insan talelərinə işıq salır.

Yazıçı ürək yanğısı ilə bildirir ki, Qarabağın adı da, taleyi də tora düşüb, bu cənnət yurdu tələyə salıblar, qoynunda bəslədiyi qarabağlılar oradan didərgin düşüb, ora, o ecazkar yurda uzanan yolların,çığırların qarşısına yağı düşmən çalın-çarpaz sipər şəkib.

"Taleyi də, bəxti də, adi otu, çiçəyi də, şır-şır axan çayları, bulaqları da, hər dərdə dərman olan havası, suyu da, qara torpağı da əsirlikdə qalıb, ona qırx yerdən düyün vurublar, qibləsi itib, ümidi ha göyərsə də şaxta vurmuş çiçək kimi tez solur, elə bil bu yurda qarğış edənlərin, onu əlimizdən alanların meydanında hər kəsin bildiyi həqiqəti öldürüb içimizdə dəfn ediblər".

Onun yazılarında məcburi köçkünlüklə üzləşmiş insanların ağır taleyi obrazların dili ilə faciənin miqyasını bir daha diqqətə çatdırır.

Salman Alıoğlu deyir:

-Otuz ildir ki, bir həsrət, bir kədər, bir qüssə məni için-için yandırır. Kösöv kimi qaralmışam, gecəm gündüzüm bilinmir, doğulub boya başa çatdığım Əliağalı kəndi, Ağdamım, yurd yerlərimiz Ermənistanın işğalı altındadır. Yurdsuzluq yaramdan qan axır, qovruluram, pörşələnirəm, mənim nələr çəkdiyimi kim bilər?!

Bu dünyanın qəm yükünü,
Çəkən varmı mənim kimi?!
Gecə gündüz göz yaşını
Tökən varmı mənim kimi?!

Torpaqlarımızın işğaldan azad edilməsinə digər dövlətlər ciddi şəkildə mane olurlar. Qarabağın taleyi düyünə düşüb, xaçpərəstlər bu torpaqdan əl şəkmək istəmirlər, Qarabağda qanunsuz məskunlaşma aparırlar. Son 27 il ərzində dünya xaçpərəstləri- erməniləri müdafiə edərək onlara imkan verildi ki, özlərini Qarabağın əsl sahibi kimi hiss etsinlər. Artıq həmin torpaqlarda 18-26 yaş arasında yeni erməni nəsli əmələ gəlib, onlara güclü dəstək verilir, xristian təssübkeşliyi sayəsində onlar Qarabağda möhkəmlənirlər.

Naümid deyiləm,inanıram ki,torpaqlarımız işğaldan azad olunacaq, kaş ki, o günü görəydim...

P.S. “Qarabağ qaziləri” birlyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Milli Qəhrəmanların İnkişaf Fondunun və QAZİLER.AZ saytınn kollektivi adından ürəyi Qarabağ həsrətilə yanıb qovrulan Salman Alıoğlunu ad günü münasibətilə təbrik edirik! Ona uzun və sağlam ömür arzulayırıq! Arzu edirik işğaldan azad edilmiş Qarabağda – Ağdamda onun doğum günün qeyd edək!