Havalar istiləşdikcə sərinləşdirici içkilərə meyl artır. Küçədə-bacada kimi görsən elə çoxunun əlində içki olacaq. Bu sərinləşdirici içkilərə pivəni də daxil etməsək yalan olar. Azadinform xəbər verir ki, həm sərinləşdirici, həm də alkoqollu içki olan pivə buğda, arpa, mayaotu, yulaf, çovdar, darı, düyü, qarğıdalı kimi dənli bitkilərin səmənilərindən hazırlanır. Amma əksər istehsalçılar ən çox arpa səmənisinə üstünlük verirlər.
Qədim dövrlərdə pivə daha çox “kasıb içkisi” sayılıb. Sonralar pivə tədricən varlıların da süfrəsinə yol tapıb və tezliklə təbəqə mənsubiyyətindən asılı olmayaraq hamı bu içkidən istifadə etməyə başlayıb.Hazırda dünyanın müxtəlif ölkələrində tərkibində alkoqolun dərəcəsi 3, 6, 9 və 12 faiz olan pivələr istehsal olunur.
Bundan başqa, spirtli içkilərdən imtina edən şəxslər üçün tərkibində alkoqol olmayan xüsusi pivə növü də hazırlanır. Elə alkoqolsuz pivələrdən söhbət düşmüşkən deyək ki, müsəlman ölkələrində o cümlədən, Azərbaycanda bu tip içkilərə dindarlar tərəfindən də xüsusi maraq var. Lakin İslam dinində məqbul hesab edilməyən (qadağan olunan) bir çox şeylər var ki, onlardan biri də spirtli içkilərin qəbuludur.
Bu pivələr alkoqolsuzdur?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, bu pivələrdə alkoqol “0” faizdir: “O sahədə vəziyyət problemsizdir. Nəzarət tədbirləri aparılıb və heç bir problem yoxdur. Həqiqətən də, normativ sənədlər var və müvafiq sənədlərlə təmin olunub. Pivənin keyfiyyəti standarta uyğundur”. O məhsulların keyfiyyətini təsdiq edən sənədlər varsa, təbii ki, onu qəbul etmək olar”.
“Məşədi Dadaş” məscidinin imam camaatı, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, bu içki bir çox müsəlman ölkələrində istehsal olunur və istifadə edilir: “Pivənin tərkibi arpa suyudur, spirti yoxdursa, şəriət alimləri onun içilməsini qadağan etmir. Bu cür pivə bir çox müsəlman ölkələrində istehsal olunur. İçkidə alkoqol yoxdursa, istifadə etmək olar” .
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanın pivə bazarında vəziyyət ürəkaçan deyil: “Çox təəssüflər olsun ki, inancı olan insanların bütün dünyada olduğu kimi, Azərbaycanda da aldadılması baş verir. Bu da aldadıcı adlardandır və halal adı altında, haram malların satılmasına bənzəyir. Çox təəssüf ki, bu içkilər bəzi müsəlman ölkələrində və Azərbaycanda da yayılıb. Bunu Qafqaz Müsəlmanları İdarəsi deyə bilər ki, içməyin. Lakin heç bir qərar verə bilməz. Çünki, bu pivə müəyyən standartlara uyğun buraxılır. Dindarların özündən asılıdır və onlar gərək bu içkilərdən kənarda olsun”.
Pivənin istehsalçısı olan “Xırdalan” Pivə Zavodu ilə əlaqə saxlasaq da, onlar özləri istehsal etdiyi məhsulun tərkibi haqqında məlumatsız olduqlarını dedilər və bildirdilər ki, bunu dəqiqləşdirib məlumat verəcəyik. Lakin görünür, hələ də, məhsul haqqında dolğun məlumatları yoxdur.