Qazilik manifesti – Rizvan Vəliyevin doğum gününə...

Qazilik manifesti – Rizvan Vəliyevin doğum gününə... backend

Bəşər insanı yaranandan içində nəyəsə inanmaq hissi olub. Məndə inanan insanam. Oxuduqlarımdan, eşitdiklərimdən daha çox gördüklərimə inanmışam. Gördüklərimdən yazacam...

Çoxları kimi, mənim də uşaqlıq illərimi xoşbəxt günlər hesab etmək olar. Daha doğrusu, atalı illərimi...Uşaqikən anam bizə atamın müharibədə yaralandığını demişdi. Amma mən və qardaşlarım uşaq düşüncəsi ilə bu sözün gerçək mənasını başa düşmürdük . Yalnız yaddaşımızda qalan atamın tez-tez öz bədənindən çıxardığı dəmirləri bizə göstərməsi qalıb. Hər dəfə bu prosesi uşaq düşüncəsilə izləyir və çox sevinirdik. Bunun hər gün baş verməsini istəyirdik. Atam bizim yaddaşımızda “Dəmir Adam” kimi qaldı. Atam çox yaşamadı. Düşüncələrimiz böyüməmiş bizi tərk etdi. Mən sonralar başa düşdüm ki, hər dəfə bədənindən qəlpə çıxararkən nə əziyyət çəkib. Amma bizlərə hiss etdirmədən edib bunları. Mən bir Qazi övladı olduğumu böyüdüm sonra bildim. Onun müharibə xatirələrini özündən deyil, döyüş dostlarından eşitdim. Kaş ki özü ilə danışa bilsəydim. Qazi Atama səninlə qürur duyuram deyə bilsəydim. Həyatın qəribə təsadüfləri var. Mən bir İnsan tanıdım. Müharibə insanı, Qazi...Ondan Qazilik anlayışının tam mənasını öyrəndim! Vətəni sevməyi öyrəndim! Salamı belə məqsədli şəkildə verən cəmiyyətdə təmənnasız qarşılıqsız vətən sevgisi öyrəndim ondan. Uğuruna ölə biləcəyim dövlətçilik dəyərlərini öyrəndim.

Həmin Qazi bir gün məni bir qəbir ziyarətinə apardı. Çox qəribə məzar idi. Məzarın üzərində Azərbaycan Bayrağı dalğalanırdı. Möhtəşəm mənzərə idi...Məzar daşına addan öncə Baş Qazi yazılmışdı! Adı oxudum və tanıdım. Bu adı və soyadı tanımayan yoxdur - Etimad Əsədov! Qəribə hisslərin təsiri altındaydım...Bu böyük şəxsiyyətin yoxluğuna kədərlənir, onu ziyarət etdiyim üçün sevinc qarışıq məmnunluq hissi keçirirdim. Məzar daşına yazılan söz məni qəhərləndirdi: “Ruhumuz Qarabağdadır”! Öz düşüncəmlə fikirləşdim ki, yəqin Qazi dostları yazdırıb. Çox təsirliydi. Heç olmasa ruhumuzla görək o şəhid qanı tökülən Vətən torpağını...

Başa düşdüm ki, illərlə şəhid olmaq üçün məqam gözləmiş vətən Qazilərinin ən böyük təsəllisi ruhlarının gedəcəyi ilk ünvanın Qarabağ olmasıdır. Qayıdarkən təşəkkür etdim həmin Qaziyə. Ziyarət şərəfinə nail olduğum üçün. Bu gün haqqında danışdığım İNSANın QAZİ olduğu gündür...

Mənə mənəvi anlamda atamın yoxluğunu hiss etdirməyən bir insanın Qazilik günüdür. Çox istərdim atamın da Qazi olduğu gününü təbrik edəm. Qədərə boyun əymək borcumuzdur. Atamı təbrik edəcəyim eyni istək və səmimiyyətlə O İnsanı təbrik etmək istədim. Qazi adı əmi sözündən çox, həm də çox böyük olduğu üçün öz adınla təbrik edirəm.

Qaziliyin mübarək, RİZVAN QAZİ!

Dərin hörmət və ehtiramla,
Qazi balası Eşqin Cəlaloğlu

Bu gün tanınmış Qarabağ qazisi Rizvan Vəliyevin doğum günüdür. QAZİLER.AZ saytı təbrik əvəzi bir qazi övladının yazısını təqdim etdi.

“Qarabağ qaziləri” birlyinin, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına Milli Qəhrəmanların İnkişaf Fondunun və QAZİLER.AZ saytınn kollektivi adından Qazi qardaşımız Rizvan Vəliyevi təbrik edirik! Ona uzun və sağlam ömür arzulayırıq! Arzu edirik işğaldan azad edilmiş Qarabağda – Şuşada onun doğum günün qeyd edək!