“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Aftandil Həsənov göstərilən qayğıya görə minnətdarlıq edib
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2020-ci il tarixli Sərəncamı ilə 1996-cı ildə müdafiə mövqelərimizə düşmən basqının qarşısını alarkən yaralanaraq əlil olmuş Şərur rayonunun Aşağı Daşarx kənd sakini ehtiyatda olan kiçik çavuş Həsənov Aftandil Məmməd oğlunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması növbəti qayğının ifadəsidir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Hərbi xidmətlərə görə” medalının təqdim edildiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ehtiyatda olan kiçik çavuş Həsənov Aftandil Məmməd oğlunun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə təltif edildiyini diqqətə çatdırıb.
General-polkovnik Kərəm Mustafayev vurğulayıb ki, muxtar respublikada hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Aftandil Həsənov göstərilən qayğıya görə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
Sonra “Hərbi xidmətlərə görə” medalı Aftandil Həsənova təqdim edilib.