Tovuz şəhidlərinin xatirəsinə Bazaryurd zirvəsinə yürüş - FOTO

Tovuz şəhidlərinin xatirəsinə Bazaryurd zirvəsinə yürüş - FOTO backend

Azərbaycanlı alpinistlər Bazaryurd zirvəsinə yürüş ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, alpinistlər Firuz Dadaşov, Ramil Lətifoğlu və Qərib Tağızadənin iştirak etdiyi yürüş bu ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törətdikləri təxribat nəticəsində şəhid olan hərbi qulluqçuların xatirəsinə həsr olunub.

Bazaryurd Azərbaycanın 7 ən yüksək dağ zirvəsindən biridir. Qusar və Qəbələ rayonları sərhədində yerləşən dağın hündürlüyü 4126 metrdir. Yürüş üçün məhz Bazaryurdun seçilməsinin səbəbi isə alpinistlərin bu zirvəyə olduqca gec-gec üz tutmalarıdır.

“Əslində yürüş 8 avqust – Beynəlxalq Alpinizm Günü münasibətilə təşkil edilməli idi. Lakin Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribat və zorakılıq fikrimizi dəyişdirdi. Uzun və çətin bir çalışmanın ardından, alpinist dostlarımızın dəstəyi ilə bu fikrimizi gerçəkləşdirdik. “Daim başını uca tut, Vətən!” şüarı ilə zirvəyə yürüş etdik” – deyə alpinist Qərib Tağızadə qeyd edib.

Alpinistlərin Bazaryurd zirvəsinə yürüşü iki gün davam edib. İlk gün alpinistlər əsas düşərgəyə dəniz səviyyəsindən 3250 metr yüksəkliyə qalxıblar. Gecə saat 3:30-dan etibarən isə zirvəyə doğru yürüş başlayıb.

Alpinist Ramil Lətifoğlu: “Bazaryurd, Azərbaycanın 7 ən yüksək dağ zirvəsindən dördüncüsüdür. İl ərzində digər üç zirvəyə yürüşlər çox olur. Məsələn, il ərzində 5-6 dəfə Bazardüzünə, 8-10 dəfə Şahdağa yürüşlər təşkil edilir. Bazaryurd isə çox az gedilən zirvədir. Alpinistlərin belə bir qaydası var, xüsusilə az gedilən zirvələrdə, məktublar qoyurlar. Biz zirvəyə qalxdıqdan sonra oradakı məktublara baxdıq. Biri 2013-cü, digəri isə 2018-ci ildə yazılmışdı. Bu da onu göstərir ki, Bazaryurd zirvəsinə son 7 ildə, indiyədək cəmi 2 dəfə çıxılıb və bu yürüşlərin arasında da 5 il fərq olub. Bu da Bazaryurdun nə qədər az gedilən zirvə olduğunu bir daha təsdiqləyir”.

Ramil Lətifoğlu qeyd edib ki, bu zirvə yürüşünün digərlərindən əsas fərqi onun iyul şəhidlərimizin xatirəsinə həsr olunmasıdır. Əsas məqsəd şəhidlərimizin unudulmaması, onların xatirələrinin hər zaman yad edilməsidir.

“Dünyanın 7 min metr hündürlükdə olan bir çox zirvələrinə qalxmışam, ancaq bu zirvə yürüşündə duyduğum fərəh hissini heç bir zaman hiss etməmişdim”. Bu sözlər isə alpinist Firuz Dadaşova məxsusdur. Onun sözlərinə görə, bu, Tovuz şəhidlərinin xatirəsinə həsr olunan ilk yürüşdür. “Hələ qarşıda çox maraqlı zirvə yürüşlərimiz və layihələrimiz var, – deyə o vurğulayıb.

Alpinistlərin əsas istəyi Tovuz şəhidlərinin xatirəsini anmaqla yanaşı, Azərbaycanda bu sahəni gənclərə aşılamaq və inkişaf etdirməkdir.

Ekstrim yollardan keçərək, hədəfə çatan alpinistlər Bazaryurdun zirvəsində, 4126 metr yüksəklikdə Azərbaycanın üçrəngli dövlət bayrağını dalğalandırıblar. Həmçinin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan hərbi qulluqçularımızın şəkilləri həkk olunmuş bayraq açıblar.
Diaspora