Qarabağ müharibəsi veteranı, 2015-2018-ci illərdə Müsavat Partiyası sədrinin müavini olmuş Tofiq Yaqublunun əmisi qızı sosial şəbəkədə paylaşdığı satusu ilə diqqət çəkib.
Qazilər.az xəbər verir ki, Ayla Yaqublu hərbi xidmətə aparılan və sağlamlıq problemi olan Tofiq Yaqublunun oğluna qarşı haqsızlıqdan yazıb. Sözügedən statusu təqdim edirik:“Bərkgedən saytların çoxunda vaxtilə bir yerdə işlədiyim həmkarlarım var. Məlum səbəblərə görə heç vaxt onlardan Tofiq Yaqubluyla bağlı adekvat xəbər hazırlamalarını ummamışam. Ancaq bu məsələ haqqında yazıb - yazmayacaqlarını maraqla gözləyəcəm - ən azı Müdafiə Nazirliyindən münasibət öyrənib-öyrənməyəcəklərini... Çünki söhbət bir gəncin şikəst qalması təhlükəsindən gedir. Siyasətə dəxli yoxdu yəni...”
Tofiq Yaqublunun qızı, Rəhimin bacısı Nigar Həzinin söylədikləri:
“Qardaşım Rehim Yaqublu bu ilin yanvar ayında hərbi xidmətə gedib. İyul çağırışında dizindəki travma ilə əlaqədar hərbi xidmətə aparmadılar. Qeyd edim ki, o, 2017-ci ildə futbol oynayarkən dizindən bərk xəsarət almışdı və ondan sonra futbol oynaya bilmədi. Daha sonra dedilər ki, get ayağını müalicə elə sonra göndərək. Onun dizi üçün əməliyyat lazım idi. Əməliyyat üçünsə pul. Şanlı hökumətimiz illərdir bizim kompensasiyamızı ödəmədiyi üçün də əməliyyat etdirmək imkanımız olmadı. Çağırış vaxtı Hərbi Komissarlıqla dava qırğından sonra MRT etdirdilər və hərbi xidmətə yararlı olmadığı üçün onu aparmadılar. Nə hikmətsə Hərbi Komissarlıq elə eyni MRT nəticələrini nəzərdən keçirərək bu dəfə yararlıdır deyib gördərdilər. Məsələ onun niyə hərbi xidmətə göndərilməsində deyil. Əlbəttə ki, gedib Vətənə olan borcunu yerinə yetirməlidir. İş burasındadır ki, artıq fevral ayında Rəhimin dizindəki problem ona ağrı verməyə başladı. Sıra hazırlığında sıra addımı ata bilmədiyi üçün hərbi hissənin tibb hissəsinə müraciət etdi. Elə ovaxtdan bəri bir neçə dəfə olduğu hərbi hissənin hospitalına göndərdilər. Orada isə onun dizini müayinə etmək üçün heç bir tibbi avadanlıq olmayıb. Vizual müayinə ilə "dizində heç nə yoxdur" deyib, geri göndərdilər. Uzun dirənişdən sonra nəhayət keçən ay Rəhimi Mərkəzi Hospitala gətirdilər. Burada MRT etdilər. MRT-nin nəticəsində yazılmışdı ki, "ön çarpaz bağ liflənib, az bir qism liflərin tamlığı pozulub, arxa çarpaz bağ anquliyasiyaya uğrayıb" və heç bir stasionar müalicəyə ehtiyac yoxdur deyib geri göndərdilər. Biz MRT nəticələriylə bağlı tanıdığımız həkimlərlə danışdıq. Həkimlər birmənalı olaraq onun təcili əməliyyat olunmasının vacibliyini vurğuladılar. Dizindəki ağrılar səngimədiyinə görə Rəhim yenə tibbi hissəyə müraciət etsə də onu Mərkəzi Hospitala gətirmirlər. Bir dəfə də gətirmişdilər, ancaq sənədlərini düz yollamadıqları üçün müayinə olunmadan geri göndərdilər. Ondan sonra hər dəfə başqalarını gətirsələr də onu gətirmədilər. Əgər onun dizi əməliyyat olunmasa, gələcəkdə axsayacaq və bu problemi aradan qaldırmaq mümkunsuz olacaq.
Biz ona görə çox narahatıq. Onsuz da ailəmiz təzyiqlər altında yaşayır. Tofiq Yaqublunu həbs etdilər, ancaq ürəkləri soyumadı. İndi oğlunu şikəst qoymaq istəyirlər. Yəqin ki, Tofiq Yaqublunun oğlunun ölüdürüləcəyi ilə hədələnməsi yadınızdadır. Mən atanım daha bir övladının ölüm səbəbiylə evinə gəlməsini istəmirəm!
Ya Rəhimi yenidən müayinə edib əməliyyat edin, ya da imkan verin bizim öz tanıdığımız, güvəndiyimiz həkim onu əməliyyat etsin” .