AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə qərarına həsr olunmuş dəyirmi masa keçirilmişdir.
16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını elan etmişdir.Sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən məcburi köçgün düşən altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır. Bu münasibətlə bu gün AMEA Fəlsəfə, Sosialogiya və Hüquq İnstitutunda (FSHİ) dəyirmi masa keçirilmişdir.
Tədbiri FSHİ-nin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə açaraq qərarla bağlı çıxış etmiş və bu haqda fikirlərini dəyrimi masa iştirakçılarının diqqətinə çatdırmışdır. Onun sözlərinə görə, Avropa Məhkəməsinin bu qərarı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartların tətbiqini aradan qaldırmaq istiqamətində mühüm addım hesab oluna bilər.
Mövzu ilə bağlı müzakirələrdə institutun elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru Bəhram Zahidov və h.ü.fəlsəfə doktoru Rauf Qarayev iştirak ediblər.
Tədbirə yekun vuran FSHİ-nin direktoru İlham Məmmədzadə müzakirə edilən mövzunun əhəmiyyətini bir daha vurğulamış və 26 İyun Ordu Günü ilə bağlı tədir iştirakçılarını təbrik etmişdir.