Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilib - FOTO

Serbiya Baş Nazirinin müavini və Azərbaycan nümayəndələri arasında görüş keçirilib - FOTO backend

Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç 2020-ci il 10-12 avqust tarixində Azərbaycan Respublikasına səfər edib.

Trend-in məlumatına görə səfər zamanı, 11 avqust tarixində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul edib.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarımızın müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.
Diaspora