Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!"

Fəzail Ağamalı Ramiz Mehdiyevə: "100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın!" backend

AVP sədri, deputat: "Bu insanlar tamamilə təcrid edilməlidirlər, ifşa olunmalıdırlar...“

Azərbaycan prezidenti son təyinatlarında gənc kadrlara üstünlük verməklə elan etdiyi prinsiplərin geridönməzliyini bir daha nümayiş etdirmiş oldu. Ancaq bir sıra hallarda ölkəmizdəki müsbət dinamikanın əngəllənməsinə yönəlik daxili və xarici meylləri də müşahidə edirik. Eyni zamanda vaxtaşırı ayrı-ayrı mənbələr konkret adlar çəkməklə “köhnə qvardiya”nın kadrların gəncləşməsi siyasətinə və ümumilikdə islahatlara maneçilik yaratdıqlarını iddia edirlər. AVP sədri, deputat Fəzal Ağamalı Musavat.com -un bu mövzudakı suallarını cavablandırıb:

-Fəzail bəy, hazırda cavabı axtarılan suallardan biri budur: “köhnələr” hakimiyyətin islahatlarını tormazlaya bilərlərmi? Necə hesab edirsiniz, niyə “köhnələr”ə qarşı bir tavr var, səbəb informasiyaya əsaslanır, yoxsa onlara qarşı antipatiyadan irəli gəlir?

- Xatırlayırsınızsa, bu mövzuda mənim bir ciddi yazım mətbuatda dərc olundu. Ondan sonra həmin yazının ətrafında yetərincə tanınmış insanların təhlil yazıları da oldu, fikirləri də önə çıxdı. Mənə elə gəlir ki, bir sıra məsələlərə aydınlıq gətirildi. Əslində Azərbaycanın güclənməsinə, dünya miqyasında nüfuzunun artmasına və ölkəmizdə bununla birbaşa bağlı olan islahatların həyata keçirilməsinə mane olan mühafizəkar qüvvələr var. Bunlar sadəcə olaraq bilirlər ki, islahatlar dərinləşdikcə, geniş miqyas aldıqca, onların köhnə metodlara söykənən fəaliyyətləri xeyli dərəcədə daralır və 5-10 il bundan qabaqkı nüfuz dairələri artıq yoxa çıxır. Bu, təbii prosesdir. Əslində ağıllı insanlar bunu çox normal qarşılayıb, töhfəsini vermək üçün iradə ortaya qoysalar, daha yaxşı olar. Çünki onlar da pis və ya yaxşı Azərbaycan dövlətində və dövlətçiliyində iştirak ediblər, öz töhfələrini veriblər, bunları da unutmaq olmaz. Hakimiyyətdə vaxtilə olan, indi hakimiyyətdən gedən insanlar düzdür, özlərinin şəxsi maraqlarını da hər zaman önə çəkiblər, oliqarxlaşıblar, küllü miqdarda vəsait toplayıblar, bununla bərabər, verilən tapşırıqları da yerinə yetiriblər və dövlətçilik baxımından müəyyən belə demək mümkünsə, töhfələrini veriblər. İndi artıq zaman, şərait dəyişib, çağırışlar fərqlidir. Yəni köhnə üsullarla ölkənin idarə edilməsi Azərbaycanı önə çıxara bilməz və sair. Ona görə də 2018-in prezident seçkilərindən sonra cənab Prezident birmənalı şəkildə ölkədə islahatların dərinləşməsi üçün iradəsini ortalığa qoydu. Bu barədə dəfələrlə deyilib, üzərində geniş dayanmaq istəmirəm. İstər ali icra strukturlarında, istər Milli Məclisdə, istərsə də məhkəmə sistemində islahatlara start verilib. İndi koronavirus bütün dünyada olduğu kimi, bizdə də müəyyən problemlər yaratdı. Ancaq buna baxmayaraq, hər halda görürsünüz ki, bu islahatlar dayanmadan gedir. Hakimiyyətin yüksək pillələrinə Azərbaycanın müstəqillik dövründə formalaşan, kifayət qədər idarəçilik pillələrində yer alıb özünü təsdiq edən müasir dünyagörüşlü, təmiz imicli, dövlətçiliyə, daha çox ideyalara sadiq ola biləcək insanlar gətirilir. Bu qaçılmazdır, birmənalı şəkildə kimsə bunun qabağını ala bilməz. Çünki ortada ölkə prezidentinin iradəsi var, ölkə prezidentinin iradəsinin üzərində də iradə yoxdur, bunu hər kəs bilir. Cənab Prezidentin də qətiyyəti hər kəsə bəllidir. Onun prinsipial mövqeyi hər zaman ortada olub. Bu baxımdan özünü ifadə etməkdədir və mən tamamilə əminəm ki, davamlı olacaq.

- Həmin şəxslər ölkə xaricindən də dəstək, stimul alırlarmı? Bir sıra hallarda belələrini cəsarətləndirən hansı amillərdir?

- Ola bilsin ki, ən müxtəlif şəkildə bu prosesdən kənarda qalanlar və vəzifədən çıxarılanlar köhnə əyyamın nostaljisini yaşayırlar. Çünki onların qarşısında böyük imkanlar açılmışdı, böyük prestij, nüfuz, yüksək səviyyəli həyat tərzi, komfort içərisindəydilər, köməkçilər, katibələr qarşılayırdı, yanlarında canqoruyucular canfəşanlıq edirdilər, “burda oturma, orda dur”... İndi onlar yoxdursa, bir insan kimi təbii ki, onun psixoloji ağırlığını çəkə bilərlər. Ancaq bu psixoloji ağırlıq ölkədə gedən islahatlara mane olmaq gücündə deyil. Başqa tərəfdən, dəfələrlə söyləmişik, mən yenə o fikirdəyəm ki, Azərbaycanın inkişafını istəməyən, onun beynəlxalq nüfuzunun güclənməsinə marağı olmayan dövlətlər Azərbacanda dayaqlara malikdir. Mən bunu açıq deyirəm, bu cür insanlar həm Avropa ölkələrində də, Qərbdə də var. Onların arzu və istəklərini, məqsədlərini həyata keçirmək üçün Əli Kərimli və onun dəstəsi çox böyük canfəşanlıq edir. Eyni zamanda burada Rusiyanın, İranın da təsiri altında olan insanlar, ayrı-ayrı qruplar var və s. Bütövlükdə həmin dövlətlər Azərbaycanın yüksək səviyyəli inkişafında maraqlı olmadığı üçün rezidentlərinə də tapşırıqlar verirlər ki, imkanları daxilində bu prosesə mane olsunlar. Bu, görünür, cəmiyyətin bütün tərəflərində özünü göstərir. Bir az diqqətli olmaq lazımdır ki, bunu görə biləsən. Ancaq mənə elə gəlir ki, hakimiyyətin içərisində bu baxımdan son tamamlama işləri gedir. Məncə, yaxın zamanlarda həm sadəcə olaraq prosesə mane olmaq gücündə olmayan, lakin islahatlara da kömək göstərməyən şəxslərlə bərabər, eyni zamanda buna mane olmağa çalışanlar da Azərbaycanın idarəçilik sistemindən uzaqlaşdırılacaqlar. Çünki prosesin məntiqi bunu tələb edir.

- Sizin bir sıra hallarda tənqid etdiyiniz AMEA-nın prezidenti Ramiz Mehdiyevin son müraciəti geniş müzakirə və şərhlərə yol açıb. Müraciətdə bir sıra diqqətçəkən məqamlar var. Sizcə, akademik bu müraciəti etməklə nə demək istəyib?

- Mən həmin müraciəti oxudum. O, əslində xaricdə oturan bəzi jurnalistlərə –məncə, əsasən Sevinc Osmanqızını daha çox hədəfə alır, adını çəkmir, ancaq yaxşı olardı ki, ad da çəkilərdi – xitabən bunu ifadə edir. Eyni zamanda özünün ideyalara sadiqliyini bir daha önə çəkib. Bu, artıq üçüncü yazıdır ki, o, Heydər Əliyevə, cənab prezidentimizə, Azərbaycan dövlətçiliyinə sadiq olduğunu təkrarlayır. Yəni bu baxımdan o, üç dəfə mətbuata çıxıb, hər üçündə də bunu dayanmadan təkrarlayır ki, o, sadiqdir. Adətən, sadiq adamlar bir dəfə deyər ki, mən sadiqəm və yaxud kənardakılar deyirlər ki, bu, sadiqdir. O halda heç təkzibə də ehtiyac olmaz, deyirlər görünən kəndə nə bələdçilik? Əgər bu, doğrudan da sadiqdirsə, onda bir dəfə dedi, kifayətdir, niyə 3 dəfə təkrarlayır? Bu, bir az istər-istəməz diqqətcil olan sizin kimi jurnalistlərdə müəyyən suallar doğurur. Mənə belə gəlir ki, gedən yazılar, ciddi tənqidi fikirlər nəsə onu düşünməyə vadar edib. İndi baxaq, görək, yenə də AMEA-nı özünün qərargahına cevirəcək, yoxsa, dayanacaq...Sadəcə olaraq mən ona cansağlığı arzulayıram. 100 yaşasın, ancaq düz yaşasın! Azərbaycan dövləti ilə işi olmasın! Azərbaycan dövlətçiliyi üçün canımızı qoymuşuq, canını qoyanlardan da biri mənəm. Mənim taleyimdir Azərbaycanın azadlığı və müstəqilliyi, dövlətçiliyi. 19 yaşımdan bu yolla gəlirəm, min bir işgəncələrə, təqiblərə, təzyiqlərə məruz qalmışam. Heç açığını deyim ki, bu gün də o təzyiqlərdən kənarda deyiləm. Şəhid vermişik, qan tökmüşük. 20 Yanvar faciəsindən keçmişik, Xocalı soyqırımı kimi faciələri yaşamışıq. 20 fazi torpağımızı itirmişik müstəqilliyə görə. Bu gün də Azərbaycanın müstəqilliyinə qənim kəsilən qüvvələr var. Sadəcə olaraq hər kəs işiylə məşğul olsun, Azərbaycan dövlətilə, onun müstəqilliyi ilə kimsənin işi olmasın!

- Ramiz Mehdiyev yazıb ki, “siyasi əqidə məsələsi mənim üçün qumar daşı deyil və mən ömrüm boyu xidmət etdiyim yoldan hansı vəzifəni tutmağımdan asılı olmayaraq heç vaxt dönməmişəm..."

- Siyasi əqidə məsələsi...Bu, nə vaxtdan istiqlalçı olub? Nə vaxtdan dövlət müstəqilliyi uğrunda mübarizə aparanlardan biri olub? Sadəcə olaraq rəhmətlik ulu öndərimizin, cənab prezidentimizin tapşırıqlarını yerinə yetirib, tapşırıqlarda da bilirik nə var, nə yox. Açığı, mən bu məsələlərə bir daha qayıtmaq istəmirəm. Çünki məni də aparıb xaricdəki jurnalistlərlə eyniləşdirər, yanaşı qoyarlar ki, baxın, mən bunu demişəm, bu da xarici jurnalistlərin yanındadır. Bu, bir “priyom”dur ki, bizi də çəksinlər ora, elə bir təəssürat yaratsın ki, buyurun, xaricdə oturan jurnalistlərlə daxildə Ramiz Mehdiyev haqqında deyilən fikirlərin və insanların arasında bir bağlılıq var. Bu, bir “priyom”dur, ona görə də üzərində çox dayanmaq istəmirəm. Sadəcə olaraq bir daha təkrar edirəm, heç kəsin Azərbaycanın müstəqilliyi, dövlətçiliyi ilə işi olmasın! Kim bu dövlətçiliyin əleyhinə gedəcəksə, birinci ölkə Prezidentinin iradəsinin qarşısında cavab verməli olacaq, birmənalı şəkildə. Çünki 2003-cü ildən üzübəri, 17 il ərzində İlham Əliyev sübut etdi ki, Azərbaycan dövlətçiliyinə, milli istiqlalına son dərəcədə sədaqətlidir, Vətənə birmənalı şəkildə bağlıdır və heç bir çətinlik, təhdid, xoşagəlməz vəziyyət onu bu yoldan döndərən deyil. O, bunu dəfələrlə sübut edib. Birinci ölkə prezidentinin iradəsi var ortalıqda. İkinci də Azərbaycan xalqının iradəsi var. Baxın, Tovuz döyüşlərində gənclərimiz meydanlara çıxdı, bu gün siyasi əqidəsindən asılı olmayaraq, gənclərimiz Amerikada, Avropada, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan dövlətinin və ordusunun yanındadır. Ermənistanın işğlaçı siyasətinə son qoymaq üçün bütün iradəsini ortaya qoyub, budur Azərbaycan xaqlı! Bunun qabağında ayrı-ayrı şəxslər nostalji hisslərlə yaşayanda neyləyəcəklər?

- Və siz islahatarın geridönməz xarakter aldığına şübhə etmirsiniz...

- Baxın, biz yazı yazırıq, fikirlərimizi ifadə edirik, Ramiz Mehdiyevin bəzi əlaltıları, iş, görəv verdiyi, imkanlar yaratdığı adamlar götürüb mətbuatda yazırlar ki, Fəzail Ağamalı sifarişlə yazı yazır. Nə sifariş? Sifarişlə işləyən sizsiniz ki, onun, bunun köləsi kimi tapşırıqlarla düzlənir, bəzi adamların qarşısında qul kimi baş əyirsiniz. Tam məsuliyyətlə deyirəm ki, əvvəllər yazdıqlarım da mənim öz düşüncələrimin məhsulu idi və qələmə almışdım. Ona görə də həmin adamları məni özlərilə dəyişik salmasınlar. Adını çəkmək istəmirəm. Çəksəm, böyük şərəfə minəcəklər. Vaxtilə öz şərəf və ləyaqətini qoruya bilməyənlər indi mətbuata çıxıb söz söyləyir. Belə şeylər var, bu, konyukturadır. Bu insanlar ya özləri fikirləşib, müəyyən nəticə çıxardıb cəmiyyətdən kənara durmalıdırlar, yaxud onlar tamamilə təcrid edilməlidirlər, ifşa olunmalıdırlar, ictimai rəydə onlar birmənalı şəkildə fikir burulğanından kənara çəkilməlidirlər. Ümumilikdə götürdükdə isə, mən hər hansı ciddi təhlükəni görmürəm. Dediyim kimi, ölkədə cənab Prezidentin iradəsi var. Onun yanında ideyalarımıza, dövlətçiliyimizə, Vətənimizə son dərəcədə sədaqətli olan Birinci vitse-prezident var. Prezidentimizlə xalqımızın möhkəm vəhdəti, birliyi var və bu birliyin qarşısında kimsə nəsə eləyə bilməz. Sadəcə olaraq edilənlər ürək bulandırmaqdan başqa bir şey deyil.

musavat.com
Diaspora