Prezident İlham Əliyev Şəkidə və Qəbələdə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.
***
İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.
Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşdü.
Dövlətimizin başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışdı, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğuladı.
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd etdi.
Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.