"Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram ... Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm... Eynilə bu gün yaşanan hadisə kimi ...”
Qaziler.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran instaqram hesabında yazıb. Tovuz döyüşlərdində şəhid olan Eşlad Məmmədovun ailəsini ziyarət edən Hacı Nuran hərbiçinin daha bir övladı dünyaya gələcəyini bildirib:"Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyul ayının 12-də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun (10.01.1996 - 12.07.2020) evində qonaq oldum... Əslində bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana, amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır... Biz çox şeydən danışdıq: Elşadın uşaqlığından tutmuş toyuna qədər... Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək. Tezliklə şəhid Elşad Məmmədovun daha bir övladı doğulacaq. O övlad ki atasının igidliyi, qorxmazlığı barədə həmişə nənə-babasından nağıllar eşidəcək. O övlad ki həmişə fəxr edəcək şəhid Elşad Məmmədovun övladı olduğu üçün.
Məncə, bir atanın övladı üçün bundan böyük qoyub gedəcəyi ad yoxdur. Ruhun şad olsun, igid şəhid”.