Bu fikirləri Yenicag.az-a açıqlamasında bəzi şou-biznes nümayəndələrinin könüllü döyüşmək üçün qeydiyyata düşmələrinə və hərbi formada, silahla fotoşəkillər çəkdirərək, özlərini reklam etmələrinə münasibət bildirən ehtiyatda olan zabit Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, bır sıra sənətçilərin bu davranışı sadəcə, biabırçılıqdır:“Hələ 2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra da buna bənzər hərəkətlərə yol verənlər oldu. Bu, həm də yalnız müğənnilərlə məhdudlaşmadı. Bəzi məmur övladları da kampaniya xatirinə bu addımları təkrarlayırlar.
Bəli, oğul hər yerdə oğuldur. Məsələn, mühacir həyatı yaşayan satirik şair Mirzə Sakitin oğlu Cahandar Belçikada çox sayda erməninin qarşısından qaçmayıb, sona qədər döyüşüb. Gerçək vətənpərvərlik belə olur. Gedib Səfərbərlik Xidmətinin qarşısında poz verməklə deyil ki…
Hamı bilir ki, o görüntü üçün çəkil çəkdirən şou-biznes təmsilçiləri ilə məmur balalarının çoxu xaricdə yaşayır. Niyə onların birini də Orduya dəstək aksiyasında görmədik? Küçələrə axışan, Ordumuzla birgəlik nümayiş etdirənlər məhz vətənpərvər insanlarımız oldu.
Bəli, o da doğrudur ki, ölkədən gedib, xaricdə Azərbaycan əleyhinə fəaliyyət göstərənlər də var. Onların sosial şəbəkələrdə ağızlarına gələni yazdıqlarını da görürük. Amma belə bir vəziyyətdə heç kim yaxasını kənara çəkməməlidir, siyasi fikir ayrılıqları arxa plana düşməlidir. Bu gün bizim üçün bütün dünya səngərdən ibarətdir. Kimliyindən asılı olmayaraq, o SƏNGƏRDƏ mövqe tutmayanlara heç bir hörmətim yoxdur.
Haşiyə çıxaraq bildirim ki, bu xalqa vurğun olduğuma görə yanılmamışam. Bu xalqın 20 yanvardakı qəhrəmanlığını, 18-19 yaşlı gənclərinin cəbhədə necə döyüşdüyünü görənlərin azərbaycanlılara vurğun olmaması mümkün deyil.
Son hadisələrdə siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Orduya dəstək üçün birləşdi. Ermənilər də, onların havadarları da etiraf etdilər ki, ki, Azərbaycan xalqından bu səviyyədə həmrəylik gözləmirdilər. Heç bir beynəlxalq təşkilat, vastəçi qurumlar Azərbaycanı öz ərazilərindən əl çəkməyə vadar edə bilməz. Bu, əsla mümkün deyil. Bu mühüm reallığı hakimiyyət də, hakimiyyətə iddialı olan siyasi partiyalar da başa düşür”.
Ekspert qeyd edib ki, şou-biznesin bəzi nümayəndələrinin indiki həssas məqamda saxta vətənpərvərliyi yalnız ikrah hissi doğurur:
“Xalqın dərdini bilən, ona yardımçı olmağa çalışan sənətçilər çox azdır. Məsələn, onlardan biri olan Röya kasıb toyunda oxuyar, ancaq bunu heç yerdə reklam etməz. Ehtiyacı olan insanlar üçün bir qəpiyindən belə keçməyənlər gəlib indi şəkil çəkdirir, özlərini gözə soxurlar. Bu da haqlı olaraq, yalnız ikrah hissi doğurur.
Şou əhlinə izah edilməlidir ki, orduya çağırış könüllük prinsipi ilə aparılmır. Eyni zamanda, hərbi formada, silahla şəkil çəkdirib paylaşmaq müəyyən hüquqi məsuliyyət də yarada bilər. Bir də ki o cür görüntülər kiminsə vətənpərvər olması anlamına gəlmir. Bu məqamı unutmasınlar. Əgər kimsə orduya lazım olacaqsa, onu hərbi xidmətə çağıracaqlar. Qanun belə tələb edir. Xahiş edirəm, buna diqqət eləsinlər. Müharibə şəraitində könüllü oldun-olmadın, ölkəni qorumaq hər kəsin borcudur.
Bir də fürsətdən istifadə edib bildirim ki, Tovuz istiqamətində gedən döyüşlərə ərazidəki hərbi birləşməmiz heç də tam tərkibdə cəlb olunmamışdı. Əgər sabah genişmiqyaslı müharibə başlasa, Silahlı Qüvvələrin mövcud şəxsi heyətindən istifadə ediləcək. Əlavə qüvvəyə ehtiyac duyularsa, o halda zəruri addımlar atılacaq, bir, iki, üç il əvvəl hərbi xidmətdən ehtiyata buraxılan şəxslər orduya çağırılacaq. Lakin Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər qüvvəsi olduğunu nəzərə alsaq, buna ehtiyac olacağını düşünmürəm”.