Xəbər verdiyimiz kimi iyulun 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasında xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya düşüb.
Qəza nəticəsində hərbi hissənin qərargah rəisi polkovnik Şahin İbrahim oğlu Mirəzyev həlak olub.Ş.Mirzəyev doğulduğu Cəlilabad rayon Göytəpə qəsəbəsində dəfn edilib.
Moderator.az-ın əməkdaşı bu gün polkovnikin üç mərasimində iştirak edib və bu haqda onun qısa qeydlərini təqdim edirik:
"Polkovnikin Göytəpə qəsəbəsində yerləşən evində bizi qardaşı oğlu Cahid Mirzəyev qarşıladı. İnsanlar artıq qəbir ziyarəti üçün yola düşürdülər və biz də onlarla birlikdə qəbir üstə getdik. Polkovnikin məzarı başında qardaşları, qayınatası və on iki yaşlı oğlu Əli gözyaşlarına hakim ola bilmirdi. Qardaşı oğlu Cahid əmisinə görə heyfsilənir, “Heç öləsi adam deyildi”.
Qəbir ziyarətindən sonra polkovnikin yas mərasimində qardaşı, keçmiş hərbçi Yusif Mirzəyevlə həmsöhbət olduq. Məlum oldu ki, onlar hərbçi ailəsidir:
“Şahin 1976-cı ildə anadan olub, altı aylıq körpə olanda atam dünyasını dəyişdi və o, bizim himayəmizdə böyüyüb. Şahin evin kiçik oğludur. Ailədə altı qardaşıq və onlardan dörd nəfəri hərbçidir. Bir neçə il öncə qardaşım Şirin Mirzəyev də dünyasını dəyişdi. O, mayor idi və təqaüdə çıxmışdı. Şahin Göytəpə qəsəbəsində 1 nömrəli məktəbi bitirəndən sonra 1993-cü ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin sərhəd fakültəsinə daxil oldu. 1997-ci ildə məktəbi bitirdikdən sonra Şəmkirdə xidmətə başladı.
10 il Şəmkirdə işləyəndən sonra Zaqatala Sərhəd Dəstəsinə komendant göndərildi. Bundan sonra Şəkidə, Horadizdə xidmət edib. Bu ilin aprel ayında Xudat Sərhəd Dəstəsinə qərargah rəisi təyin edildi. Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun və digər zabit yoldaşlarının şəhid olması ona çox pis təsir etmişdi. Cəbhə bölgəsinə getmək istəyirdi. Ölümündən beş gün öncə polkovnik rübəsi almışdı və buna görə çox sevinirdi. Elə oldu ki, xidməti zamanı qəzada dünyasını dəyişdi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hamısı vətən yolunda gedib”.
Ş.Mirzəyevin oğlu Əli atasının yolunu davam etdirəcəyini bildirib:
“Atamın xidməti maşınında çox yerləri gəzmişəm. Mən də hərbçi olacam və atamın yolunu davam etdirəcəm. Atamla fəxr edirəm. O, ümumilikdə Azərbaycan Ordusunda şərəflə xidmət edib”.