Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində növbəti Elmi Bərpa Şurası keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Elmi Şuranın iclasında son aylar ərzində Mərkəzdə bərpa və konservasiya olunmuş Yevlax, Lerik, Masallı, Ağsu, Astara və digər bölgələrin tarix-diyarşünaslıq muzeylərinin, Azərbaycan Milli İncəsənət Muzeyinin, Əzim Əzimzadənin ev-muzeyinin toplularından xalça, xalça məmulatı, qrafika, tikmə, parça, metal, agac və s. kimi 50-yə yaxın muzey əşyasına baxış keçirilib.
İclas zamanı muzey əşyalarının üzərində aparılan bərpa və konservasiya işləri qənaətbəxş qiymətləndirilib. Eyni zamanda, Azərbaycan Milli İncəsənət Muzeyinin 10 ədəd qrafika, 3 ədəd tikmə nümunəsinin bərpasının yüksək peşəkarlıqla aparıldığı qeyd olunub.
İclasda Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə bərpa məqsədilə Astara, Ağsu, Masallı tarix-diyarşünaslıq, Azərbaycan Xalça və Azərbaycan Milli İncəsənət muzeylərindən gətirilmiş 200-ə yaxın əşyaya ilkin baxış keçirilərək zədələnmə dərəcələri, səbəbləri və bərpa üsulları müzakirə olunub.