Yanan binada aparılan təmir-bərpa işləri davam etdirilir Bakıda Binəqədi rayonu Azadlıq prospektində yanan binada aparılan təmir-bərpa işləri davam etdirilir.
“A24.az”ın əməkdaşı sözü gedən binada təmir bərpa işləri ilə bağlı aparılan işlərin gedişatı ilə tanış olub. İş icraçıları bildiriblər ki, hazırda binada işlər qrafikə uyğun davam etdirilir. Artıq binanının yanan fasad hissəsi tam sökülüb. Hazırda binada daxili təmir-bərpa işləri aparılır. Burada işlər yekunlaşdırıldıqdan sonra, üz fasad hissəsi də yeni üzlüklərlə üzlənəcək. Bina yaxın 3-4 ay ərzində tam bərpa olunduqdan sonra sakinlərin ixtiyarına veriləcək.Xatırladaq ki, cari ilin may ayının 19-da səhər saatlarında Binəqədi rayonunun ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında yanğın baş verib. Nəticədə 15 insan yanğın zamanı həlak olub, 60-a yaxın sakin xəsarət alıb. Ümumilikdə Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yanan binada 56 ailə qeydiyyatda olub. Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə müvafiq dövlət qurumları tərəfindən bütün zərərçəkənlər müvəqqəti kirayə evlə və yaxın müvafiq yerlərlə təmin olunublar.